Ümumi Əmək Konfederasiyası (ÜƏK; , CGdL) — 1906–1944-cü illərdə fəaliyyət göstərmiş İtaliya həmkarlar ittifaqı birliyi.

Tarixi ÜƏK 1 oktyabr 1906-cı il tarixində Milanda islahatçı ideyaların tərəfdarları tərəfindən təsis edilmişdir. Həmkarlar birliyinin ilk lideri 1908-ci ildə Romada keçirilən konfransda radikal sosialistlərin ÜƏK-dəki siyasi təsirini zəiflətməyə və təşkilatın səylərini iqtisadi tələblərə yönəltməyə çalışan Rinaldo Riqola olmuşdur. 1912-ci ildə inqilabi sindikalistlər təşkilatdan ayrılaraq İtaliya Sindikal İttifaqını təsis etmişdilər. Fəaliyyətinin ilk ilində həmkarlar mərkəzinə ümumilikdə 191 min nəfər daxil olduğu halda, 1911-ci ilə qədər bu sayı iki dəfə artaraq 383 770 nəfərə çatmış, lakin sonradan azalmışdır. Avropada öz ölkəsinin hökumətinin müharibədə iştirakına qarşı çıxış edən yeganə böyük həmkarlar konfederasiyası olan ÜƏK-in üzvlərinin sayı Birinci Dünya müharibəsi başa çatdıqda artıq 2 milyon nəfərə çatmış və 8 saatlıq iş günü uğrunda mübarizə apararaq tezliklə bu göstəricini də keçmişdir, lakin "qırmızı ikiillik" dövründə həmkarlar birliyi İtaliya Sosialist Partiyasının daha radikal xəttini qəbul etmək, tətillər dalğasını və müəssisələrin fəhlələr tərəfindən tutulmasını tam dəstəkləmək mövzusunda tərəddüd edərək qeyri-müəyyən mövqe tutmuşdur. Faşizmin yüksəlişinin qarşısını almağa çalışan ÜƏK sindikalist İSİ ilə birlikdə Əmək Alyansına daxil olmuş və 1922-ci ildə ümumi tətil elan etmiş, lakin bu cəhd ciddi uğur qazanmamışdır.

Faşist təşkilatlarının artan təzyiqi fonunda ÜƏK rəhbərliyinin qətiyyətsizliyi daxili böhrana səbəb olmuşdur. İtaliyada Mussolini diktaturası bərqərar olduqdan sonra ÜƏK üzvlərinin sayı kəskin şəkildə azalmışdır (1924-cü ildə 269 min üzv). ÜƏK-in islahatçı liderləri yeni faşist rejimi ilə "yola getməyə" çalışaraq öz həmkarlar ittifaqlarını "qeyri-siyasi" elan etsələr də, bu onlara kömək etməmiş və konfederasiya 4 yanvar 1927-ci il tarixində özünü buraxmağa məcbur edilmişdir. Kommunistlər, anarxistlər və bir sıra müstəqil həmkarlar ittifaqı rəhbərləri 20 fevral 1927-ci il tarixində Milanda keçirilən gizli qurultayda fəal qeyri-leqal həmkarlar təşkilatı yaratmışdırlar. Bu qurultayda bəzi sol sosialistlər də iştirak etmişdir. Fransada bir il əvvəl ÜƏK-in baş katibi seçilmiş sosialist Bruno Buossi ÜƏK-in özünü buraxmasını tanıamamış və mühacirətdə həmkarlar birliyi təsis etmişdir. 1936-cı ildə gizli və mühacirət ÜƏK-lərindən olan kommunist və sosialist sindikalistlər birləşərək həmkarlar ittifaqı birliyi haqqında bəyannamə qəbul etmişdilər.

1922-ci ildə Edmondo Rossoninin rəhbərliyi ilə Faşist Həmkarlar İttifaqları Konfederasiyası (Confederazione dei sindacati fascisti) yaradılmış və bu təşkilat 1928-ci ilə qədər işəgötürənlərlə sazişçilik siyasətinə keçmişdir. 1926-cı ildə İtaliyada həm tətillər, həm də lokautlar qadağan edilmiş, fəhlələrlə işəgötürənlər arasındakı mübahisələrə baxılması üçün xüsusi məhkəmələr təsis olunmuşdur. Hakim rejim kollektiv müqavilələrin bağlamasını, işsizliyə karşı tədbirləri, sosial sığortanı və "İşdən sonra" adlı rəsmi qurum vasitəsilə asudə vaxtın təşkilini əhatə edən öz sosial siyasətini həyata keçirmişdir. 4 iyun 1944-cü il tarixində Roma şəhərindən alman işğalçı qoşunlarının geri çəkilməsi ərəfəsində ÜƏK-in keçmiş lideri, keçmiş deputat Bruno Buossi esesçilər tərəfindən güllələnmişdir.

İtalyan faşizminin süqutundan sonra, 1944-cü ildə Romada sol təmayüllü yeni həmkarlar birliyi — İtaliya Ümumi Əmək Konfederasiyası yaradılmışdır. Bu təşkilat ilkin olaraq İtaliya həmkarlar hərəkatının əsas cərəyanlarını – kommunist, sosialist və xristian-demokrat cərəyanlarını özündə birləşdirmişdir, lakin İtaliya Kommunist Partiyasının təşkilatdakı təsiri həlledici olduğundan, 1948-ci ildə sosialist və xristian-demokrat partiyalarına yaxın olan həmkarlar ittifaqları qurumdan ayrılmışdır.

İstinadlar

Kateqoriya:İtaliya həmkarlar ittifaqları Kateqoriya:İtaliyanın modern tarixi