Valdek və Pirmontlu Emma (; ; ) — Valdek və Pirmont şahzadəsi Georq Viktorun qızı, IV Niderland kraliçası və Böyük Lüksemburq hersoginyası.
1858-ci ildə Valdek və Pirmontun paytaxtı Arolsendə dünyaya gəldi. Atası Valdek və Pirmont şahzadəsi Georq Viktor, anası isə onun ilk xanımı olan Nassaulu Helenadır. Liberal yönümlü bir keşişdən dərslər aldı. Mükəmməl olmasa da, dövrün standart saray təlim-tərbiyəsini almışdır.
7 yanvar 1879-cu ildə özündən 41 yaş böyük Niderland kralı III Vilhemlə evləndirildi. Cütlüyün arasındakı yaş fərqi səbəbilə parlament bir müddət bunu müzakirə etdi. Cütlüyün bu nigahdan yalnız bir qızı - Şahzadə Vilhelmina dünyaya gəldi.
Ancaq kralın ilk xanımı vəfat etmişdi və bu evliliyindən doğulan 2 oğlu da varissiz idi. Toy mərasimindən bir neçə ay sonra varis Vilhelm Parisdə, 1884-cü ildə isə digər oğlu Aleksandr vəfat etdilər. Beləcə, taxtın yeni varisi kralın ən kiçik övladı Vilhelmina oldu. Ən kiçik oğlunun vəfatından sonra kralın səhhəti pisləşdi və Kraliça Emma onun baxımıyla məşğul oldu.
Kralın vəfatından 3 gün öncə - 20 noyabr 1890-cı ildə artıq əqli gerilik göstərməyə başlayan kralın naibəsi olaraq təyin edildi. Kralın ölümü və 10 yaşlı qızı Vilhelminanın taxta çıxmasıyla naibəliyi uzadıldı və qızının 18 yaşı tamam olanadək davam etdi. Buna baxmayaraq illər öncə alınan qərar görə, Lüksemburq taxt-tacı əlindən alındı və kralın uzaq qohumu olan Şahzadə Adolfa miras qaldı. Beləcə, illərdir ki, davam edən Niderland-Lüksemburq birliyi parçalandı.
Dövlət idarəsiylə yanaşı, kraliça olan qızının təlim-tərbiyəsi ilə yaxından məşğul oldu. 16 yaşının tamam olduğu 1896-cı ildən etibarən qızının kraliça ünvanıyla bir çox dövlət tədbirlərini, eləcə də xəstəxana, yetimxana kimi qurumlara ziyarətlərini təşkil etdi. 6 sentyabr 1898-ci ildən etibarən naibəliyinə son verdi və qızı Vilhelminanın təkbaşına hakimiyyətinə icazə verdi. Qızının evlənəcəyi 1901-ci ilədək onunla birlikdə yaşasa da, bu tarixdən etibarən Haaqadakı şəxsi mülkündə məskunlaşdı. Nəvəsi Şahzadə Yuliannanın yetkinlik yaşına girdiyi 1927-ci ilədək ictimai vəzifələrini davam etdirdi. Bu tarixdən etibarən dövlət tədbirlərində görünməməyə başladı. 20 mart 1934-cü ildə Haaqada vəfat etdi. Cənazəsi Delftdəki ailə məzarlığına dəfn olundu.
Mənbə
Ədəbiyyat
M. & B. Wattel (2009). Les Grand'Croix de la Légion d'honneur de 1805 à nos jours. Titulaires français et étrangers. Paris: Archives & Culture. pp. 500, 597. ISBN 978-2-35077-135-9
İstinadlar