Bazar şəffaflığı — iqtisadiyyatda məhsul və xidmətlərin yaxud kapital aktivlərinin mövcudluğu, bazar dərinliyi (mövcud miqdar), qiyməti və harda təklif olunduğu barədə məlumatların bir çox şəxs tərəfindən geniş şəkildə bilinməsi. Şəffaflıq azad bazarın səmərəli fəaliyyət göstərməsi üçün tələb olunan nəzəri şərtlərdən biri olduğu üçün böyük əhəmiyyət daşımışdır. Bununla belə, qiymət şəffaflığının daha yüksək qiymətlərə gətirib çıxara biləcəyi də məlum olmuşdur. Məsələn, bu vəziyyət satıcıların müəyyən alıcılara kəskin endirimlər etməkdən çəkinməsinə (alıcılar arasında qiymət fərqliliyinin pozulmasına) səbəb olduğu yaxud gizli sövdələşmələri asanlaşdırdığı halda baş vermişdir. Eyni zamanda, qiymət volatilliyi də bu xüsusda digər bir narahatlıq doğuran məqam kimi qiymətləndirilmişdir. Bazar şəffaflığının yüksək səviyyədə olması, alıcının tədarük qiymətləri barədə məlumatlılığının artması səbəbindən vasitəçilərin sıradan çıxması – dezintermediasiya ilə nəticələnmişdir.
Qiymət şəffaflığının iki növü müəyyən edilmişdir: birincisi, şəxsin özünə hansı qiymətin tətbiq olunacağını bilməsi, ikincisi isə digər şəxslərə hansı qiymətin tətbiq ediləcəyindən xəbərdar olmasıdır. Qiymət şəffaflığının bu iki növünün fərqli qiymət qoyulması prosesində müxtəlif nəticələrə səbəb olduğu müşahidə edilmişdir. Şəffaf bazar həmçinin keyfiyyət və məhsulun digər xüsusiyyətləri haqqında zəruri məlumatları təmin etməli olur, lakin incəsənət əsərləri kimi bəzi malların keyfiyyətini qiymətləndirməyin son dərəcə çətin olduğu qeyd edilmişdir.
Səhm bazarı nisbətən şəffaf hesab edilir, lakin hedc fondlarının öz məxfiliyi ilə seçildiyi bilinmişdir. Bu sahədə tədqiqat aparan mütəxəssislər şəffaflıq səbəbindən hedcinq fondlarının həyata keçirdiyi əməliyyatların digər bazar iştirakçıları tərəfindən sıxışdırılıb çıxarılması qorxusunu və natamam şəffaflığın arzuolunmaz təsirlərini müəyyən etmişdir. Layihələrin idarə edilməsi sahəsində böyük təcrübəyə malik Ceremi Frommer də daxil olmaqla, bəzi maliyyə mütəxəssisləri ticarət masalarından canlı yayımlar etmək və ətraflı portfelləri onlayn yerləşdirmək vasitəsilə hedcinq fondlarında şəffaflığın tətbiqinə öncülük etmişdir.
İstinadlar
Kateqoriya:İqtisadi bazarlar