"Ein bißchen Frieden" () — Almaniya müğənnisi Nikol Zaybert tərəfindən ifa olunmuş, musiqisi Ralf Zigelə, almanca mətni isə Bernd Maynungerə aid olan mahnı. Sözügedən musiqi kompozisiyası 1982-ci ildə Harrogeyt şəhərində keçirilmiş Avroviziya Mahnı Müsabiqəsində Qərbi Almaniyanı təmsil etmiş və Almaniyaya bu müsabiqədəki iki qələbəsindən birincisini qazandırmışdır. İkinci qələbə 2010-cu ildə əldə olunmuşdur.

Konsepsiyası "Ein bißchen Frieden" mahnısı Bernd Maynunqerin almanca mətni əsasında Ralf Zigel tərəfindən bəstələnmişdir. Əsər 17 yaşlı alman məktəblisi Nikol tərəfindən lentə alınmışdır.

İfaçı orijinal almandilli versiya ilə yanaşı, mahnını Pol Qridusun mətni əsasında ingiliscə "A Little Peace", Pyer Delanoe və Jan-Pol Karanın mətni əsasında fransızca "La paix sur terre" ("Yer üzündə sülh"), Aleksandr Mitçellin mətni əsasında ispanca "Un poco de paz", italyanca "Un po' di pace", Kor Aaftink və Ed Daromellanın mətni əsasında niderlandca "Een beetje vrede", danimarkaca "En smule fred", rusca "Nemnoqo mira" variantlarında, həmçinin alman-ingilis-niderland və alman-ingilis-italyan dillərinin qarışığından ibarət versiyalarda da səsləndirmişdir.

Avroviziya 20 mart 1982-ci il tarixində Nikolun ifasında "Ein bißchen Frieden" mahnısı, 27-ci Avroviziya Mahnı Müsabiqəsi üçün mahnı və ifaçı seçmək məqsədilə ARD telekanalı tərəfindən təşkil edilən "Ein Lied für Harrogate" adlı milli seçim mərhələsində iştirak etmişdir. Kompozisiya müsabiqənin qalibi olmuş, beləliklə də Qərbi Almaniyanın Avroviziya təmsilçisi, Nikol isə onun ifaçısı olaraq müəyyənləşmişdir.

24 aprel 1982-ci il tarixində Harrogeyt Beynəlxalq Mərkəzində Britaniya Yayım Korporasiyasının (BBC) təşkilatçılığı ilə keçirilən və bütün qitədə canlı yayımlanan Avroviziya Mahnı Müsabiqəsində Nikol "Ein bißchen Frieden" mahnısını İrlandiyanı təmsil edən "The Duskeys" qrupunun "Here Today, Gone Tomorrow" çıxışından sonra, gecənin on səkkizinci və ən sonuncu ifası olaraq təqdim etmişdir. Almaniya təmsilçisinin çıxışı zamanı tədbirin orkestrini Norbert Daum idarə etmişdir.

Səsvermənin yekununda mahnı 161 bal toplayaraq müsabiqənin qalibi olmuş və Almaniyaya bu yarışmada 61 ballıq rekord xal fərqi ilə ilk qələbəsini bəxş etmişdir. Bu göstərici ilə ən böyük xal fərqi üzrə yeni bir rekord müəyyənləşmiş və sözügedən rekord 1997-ci il müsabiqəsinə qədər yenilənməmişdir. Nikol müsabiqənin sonunda öz qalibiyyət ifasını dörd fərqli dildə — almanca, ingiliscə, fransızca və niderlandca ifa etmişdir. İfaçı bu addımı öz dəstək qrupunun təəccübünə rəğmən, tamamilə bədahətən atmağa qərar vermişdir.

İstinadlar

Kateqoriya:1982-ci ilin mahnıları Kateqoriya:Alman dilində mahnılar