Nadejda Markovna Şnarkeviç (Kolyadenko) (; ) — Belaruslu ictimai xadim, mədəniyyət xadimi, müəllim, diyarşünas və feminist.

Həyatı Nadejda Kolyadenko 30 sentyabr (12 oktyabr) 1897-ci ildə Brestdə anadan olub. Yeddi yaşı olanda atası vəfat edib, bundan sonra o, anası ilə birlikdə Kobrin yaxınlığındakı Ostrovo kəndinə, daha sonra isə Prujanıya köçüb. 1914-cü ildə Prujanı qadın gimnaziyasını, 1919-cu ildə isə müəllimlik ixtisası alaraq pedaqoji kursları (həmin vaxt Rusiya imperiyasında qadınlar üçün əlçatan olan yeganə kurslar) bitirib. 1914–1915-ci illərdə Prujanı qəzasında oğlan və qızlara müəllimlik edib. 1915-ci ilin yayına qədər Birinci Dünya müharibəsi zamanı alman qoşunlarının hücumu səbəbindən qaçqın düşərək Volqaboyu bölgəsində məskunlaşıb. 1919-cu ildə evinə qayıdıb.

1925-ci ildən Nadejda Kolyadenko Vilnoda (indiki Vilnüs, Litva paytaxtı) yerli Belarus gimnaziyasının yataqxana müdiri kimi yaşayıb və çalışıb. O, Belarus Məktəb Assosiasiyasının (belarus dilini təbliğ edən ictimai təşkilat) mədəni, təhsil və sosial təşəbbüslərində fəal iştirak edib. 1926-cı ildə Qərbi Belarusun mədəniyyət xadimi, müəllim Yazep Şnarkeviçlə ailə qurub.

1930-cu ildə Nadejda Şnarkeviç məşhur belaruslu şairə Aloiza Paşkeviçin şərəfinə adlandırılmış Belarus Qadınlar Birliyinin həmtəsisçisi olub. Qısa müddət fəaliyyət göstərən bu təşkilat, ilk növbədə, şüurlu belarus qadınları arasında milli özünüdərkin formalaşdırılmasını qarşısına məqsəd qoyub.

Fəaliyyəti Şnarkeviç həmçinin belarus dilində ilk müstəqil qadın jurnalı olan "Qadın işi" () jurnalının qurucularından biri və baş redaktoru olub. Jurnalı yaradan qadınlar öz vəzifələrini belaruslu kəndli qadınların milli özünüdərkini yüksəltməkdə və onları sosial əhəmiyyətli fəaliyyət (vətəndaş aktivliyi) vasitəsilə birləşdirməkdə görüblər.

Milli mədəniyyət haqqında məqalələrlə yanaşı, jurnal öz oxucularına ictimai həyat, uşaq tərbiyəsi və ev təsərrüfatının idarə olunması məsələləri barədə məsləhətlər verib. Tarixən belarusların əksəriyyəti kəndlərdə yaşadığı üçün jurnal, ilk növbədə, kənd qadınlarına ünvanlanmışdı. "Qadın işi" 1931-ci ilin martından noyabrına qədər Vilnoda ayda bir dəfə nəşr olunub, lakin maliyyə çatışmazlığı səbəbindən jurnalın fəaliyyəti dayandırılıb. Bundan sonra Nadejda Şnarkeviç pedaqoji fəaliyyətini davam etdirib.

1939-cu ildə Qərbi Belarus Belorusiya Sovet Sosialist Respublikasının tərkibinə daxil edilib. Nadejda Şnarkeviç ömrünün son 25 ilini iflic vəziyyətində keçirib, lakin buna baxmayaraq, sosial cəhətdən aktiv qalmağı bacarıb. O, həyat yoldaşının Kletsk və Nesvij gimnaziyaları haqqında xatirələrini redaktə edib, Qərbi Belarusdakı Belarus məktəbləri və gimnaziyalarının tarixinə dair fotoalbomlar tərtib edib və Qrodno vilayətindəki Qudevitç ədəbi-diyarşünaslıq muzeyi ilə birgə layihələrin təşkilində iştirak edib.

21 may 1974-cü ildə vəfat edib. Vilnüsün Yevfrosinyevsk qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunub.

İstinadlar

Xarici keçidlər The archive of Nadzeja Sznarkiewicz in Vilnius Belarusian Museum.

Kateqoriya:Belarus aktivistləri