Əbül-Qasım Ömər ibn Hüseyn ibn Abdillah əl-Xiraqi əl-Bağdadi (; ) — Hənbəli fəqihi.
Həyatı "Xiraqi" nisbəsi ərəbcədə "paltar və parça" mənasını verən xirqə (cəmi: xiraq) sözündən, yəni bu malların ticarəti ilə məşğul olmaqdan qaynaqlanır. Atası Əbu Əli əl-Xiraqi də müəllimi Əbu Bəkr əl-Mərruziyə yaxınlığı səbəbilə "Mərruzinin xəlifəsi" olaraq tanınan bir hənbəli alimi olub. O, Mərruziyə ünvanladığı suallara verilən cavabları toplayaraq "Qəsasu mən həcərəhu Əhməd" adlı əsər yazmışdır.
Əl-Xiraqi Bağdadda təhsil almış, Əbu Bəkr əl-Mərruzidən, Hərb ibn İsmayıl əl-Kirmanidən, atasından və Əbül-Fəzl ibn Əbdüssəmi əl-Haşimi kimi bir çox alimdən dərs almışdır. Əl-Xiraqinin birbaşa Əhməd ibn Hənbəlin oğullarından dərs aldığı barədə bəzi müəlliflər tərəfindən qeyd edilən məlumat klassik mənbələrdə verilən bu məlumatlarla ziddiyyət təşkil edir.
Sıralarında Əbül-Həsən Əbdüləziz ibn Haris ət-Təmimi, Əbu Məhəmməd Abdullah ibn Osman əs-Səffar, İbn Bətta əl-Uqbəri, Əbül-Hüseyn ibn Səmun və Əbu Bəkr Həsən ibn Yəhya əl-Muqri kimi fəqih və mühəddislərin olduğu bir çox alim də əl-Xiraqidən dərs almışdır.
Əl-Xiraqinin dövründə Büveyhilərin hakimiyyəti altında olan İraqda rafizilik və mötəzililik üstün mövqeyə gəlmiş, Bağdadda dini vəziyyət gərginləşmişdi. Bağdadda vəziyyət çətinləşdiyindən əl-Xiraqi də hənbəli məzhəbinin kök salmağa başladığı Şama getdi. Burada vəfat edən əl-Xiraqi Babüs-Səğir qəbiristanlığında, Cərrah məscidinin qarşısında dəfn edildi. Onun qəbri sonradan ziyarətgaha çevrildi. İbn Bətta müəllimi əl-Xiraqinin Şamdakı qəbrini ziyarət etdiyini açıq şəkildə bildirdiyinə görə, onun Bağdadda öldüyü barədə rəvayət həqiqəti əks etdirmir.
Əsərləri Əbu Yəla əl-Fərranın bildirdiyinə görə, əl-Xiraqi çoxsaylı əsər müəllifi olmuşdur, lakin onlar geniş yayılmamışdır. Çünki o, Bağdaddan ayrılarkən kitablarını əmanət qoyduğu dostunun evi yanmış, bu yanğından isə yalnız "əl-Müxtəsər" adlı əsəri xilas ola bilmişdir.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Müsəlmanlar Kateqoriya:Hənbəlilər