Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsi — Azərbaycanın suverenliyini, dövlət təhlükəsizliyini və ərazi bütövlüyünün qorunmasını təmin etmək məqsədilə 1992-ci ildə yaradılmış fövqəladə dövlət hakimiyyəti orqanı.
Tarixi Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsi 12 mart 1992-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə yaradılmışdır. Həmin tarixdə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı ilə Dövlət Müdafiə Komitəsinin statusunu müəyyən edən Əsasnamə layihəsinin hazırlanması Milli Şuranın Dövlət quruculuğu komissiyasına tapşırılmışdır.
Komitənin yaradılması Birinci Qarabağ müharibəsinin gedişində ölkənin müdafiə və təhlükəsizlik sahəsində vahid idarəetmə mexanizminin formalaşdırılması zərurəti ilə əlaqədar olmuşdur.
Komitənin qərarları Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları formasında rəsmiləşdirilirdi.
Dövlət Müdafiə Komitəsinin qərarları sadə səs çoxluğu ilə qəbul edilirdi. Həmin qərarların icrası Azərbaycan Respublikasının bütün ərazisində məcburi idi.
1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradılıb. Şuraya Prezident rəhbərlik edirdi.
Tərkibi Komitənin tərkibinə aşağıdakı vəzifəli şəxslər daxil idi:
Azərbaycan Respublikasının Prezidenti (sədr); Azərbaycan Respublikası Ali Sovetinin sədri; Azərbaycan Respublikasının Baş naziri; Azərbaycan Respublikasının Dövlət katibi; Azərbaycan Respublikasının Dövlət müşavirləri (hərbi işlər və hüquq siyasəti üzrə); Azərbaycan Respublikası Baş nazirinin müavini (hərbi sənaye kompleksi üzrə); Müdafiə naziri; Milli təhlükəsizlik naziri; Daxili işlər naziri; Silahlı Qüvvələrin Baş Qərargah rəisi; Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.
Bundan əlavə, komitə yaradılarkən onun tərkibinə Ali Sovetin Milli Şurası tərəfindən təklif edilən 4 nümayəndə daxil edilirdi. Lakin 9 iyun 1992-ci ildə edilmiş dəyişikliklərdən sonra bu bənd ləğv edilmişdir.
İstinadlar
Xarici keçidlər
Elçibəyin Surət Hüseynovun məhvinə dair göstərişi niyə icra edilməyib…
Kateqoriya:Azərbaycan Respublikasının dövlət komitələri