Yuxu arqumenti — yuxu görmə aktının, reallıqla illüziyanı ayırd etmək üçün güvəndiyimiz hisslərin tam etibarlı olmaya biləcəyinə dair ilkin sübut təqdim etdiyini irəli sürən fəlsəfi fərziyyə. Bu arqumentə görə, hisslərimizə əsaslanan istənilən vəziyyət, həqiqətən reallıq olub-olmadığını müəyyən etmək üçün ən azı diqqətlə araşdırılmalı və ciddi şəkildə sınaqdan keçirilməlidir.

Xülasə İnsan yuxu görərkən adətən yuxuda olduğunu dərk etmir. Daha nadir hallarda isə yuxu başqa bir yuxunun daxilində baş verə bilər — bu isə iki yuxunun mövcudluğu deməkdir. Lakin eyni anda iki yuxu gördüyünü dərk etmə aktının özü üçüncü bir yuxu vəziyyətinin də mövcud olduğunu göstərir; bu vəziyyətdən yuxugörən şəxs digər iki yuxunun fərqində olur. Bu hal fəlsəfəçiləri belə bir sual üzərində düşünməyə vadar etmişdir: insan müəyyən bir anda həqiqətən yuxuda olmadığından əmin ola bilərmi, yoxsa bir insanın daim yuxu vəziyyətində qalması və oyanıqlıq reallığını heç vaxt yaşamaması mümkündürmü?

Qərb fəlsəfəsində bu fəlsəfi problemə Platon (Teetet 158b–d), Aristotel (Metafizika 1011a6) və Akademik skeptiklər tərəfindən toxunulmuşdur.Epiktet, Söhbətlər, I kitab, 5-ci fəsil, 6-cı hissə Müasir dövrdə isə bu arqument ən çox Rene Dekartın Birinci fəlsəfə haqqında düşüncələr əsəri ilə tanınır. Yuxu arqumenti ən məşhur skeptik hipotezlərdən birinə çevrilmişdir.

Şərq fəlsəfəsində bu tip arqument bəzən "Çjuan-tszının kəpənək paradoksu" adlandırılır:

Şərab içdiyini yuxuda görən adam səhər ağlaya bilər; ağladığını yuxuda görən isə səhər ova çıxa bilər. Yuxu zamanı insan bunun yuxu olduğunu bilmir və hətta yuxunun içində yuxunu yozmağa çalışa bilər. Yalnız oyandıqdan sonra bunun yuxu olduğunu anlayır. Bir gün isə böyük bir oyanış olacaq və biz bunun hamısının böyük bir yuxu olduğunu anlayacağıq. Amma nadanlar oyaq olduqlarını zənn edirlər, hər şeyi bildiklərini sanırlar, birinə hökümdar, digərinə çoban deyirlər — nə qədər kor düşüncə! Konfutsi də, sən də yuxu görürsünüz! Mən sizin yuxuda olduğunuzu deyəndə, mən də yuxu görürəm. Bu cür sözlər Ali Aldatma adlandırılacaq. Amma on min nəsildən sonra böyük bir müdrik peyda olacaq, bu sözlərin mənasını anlayacaq və bu, sanki o, inanılmaz sürətlə ortaya çıxmış kimi olacaq.莊子, 齊物論, 12. Zhuàngzi, “Bütün şeylərin bərabərləşdirilməsi haqqında müzakirə”, 12. Burton Watson tərc., Chuang Tzu (Nyu-York: Columbia University Press, 1996), s. 43.

Yogachara fəlsəfə məktəbinin nümayəndəsi Vasubandhu (IV–V əsrlər) bu arqumentə özünün “Yalnız görünüş haqqında iyirmi ayə” adlı əsərində istinad etmişdir.

Yuxu arqumenti Mahajana və Tibet buddizmi fəlsəfəsində mühüm yer tutur. Bəzi təlimlər (məsələn, Dzoqçen) qavranılan reallıqın sözün əsl mənasında qeyri-real olduğunu qəbul edir. Çögyal Namxai Norbunun ifadəsi ilə desək: “Əslində, həyatımız boyunca gördüyümüz bütün görüntülər böyük bir yuxu kimidir…”Çögyal Namxai Norbu, Yuxu Yoqu və Təbii İşıq Təcrübəsi, Snow Lion Publications, Ithaca, NY, , s. 42, 46, 48, 96, 105. Bu kontekstdə “görüntülər” termini təkcə vizual qavrayışları deyil, həm də səslər, qoxular, dadlar, taktik hisslər və zehni əməliyyatlar da daxil olmaqla bütün hisslər vasitəsilə qavranılan təzahürləri əhatə edir.

Simulyasiya olunmuş reallıq

Yuxu görmə, reallığımızın illüziya ola biləcəyini sorğulayan baxışlar üçün başlanğıc nöqtəsi rolunu oynayır. Şüurun zehni olaraq yaradılmış bir dünyanı “real dünya” kimi qəbul etməyə aldanması göstərir ki, simulyasiya olunmuş reallığın ən azı bir növü adi, hətta gündəlik bir hadisədir.Joseph Barbera, Henry Moller, Dreaming, Virtual Reality, and Presence.

Dünyanın simulyasiya olunmadığını iddia edənlər belə etiraf etməlidirlər ki, insan zehni — ən azı yuxu halında olan zehin — reallıqla illüziyanı ayırd etmək üçün tam etibarlı mexanizm deyil.

Tənqidi müzakirə Keçmişdə filosoflar Con Lokk və Tomas Hobbs Dekartın yuxu arqumentini təkzib etməyə çalışmışlar. Lokk iddia edirdi ki, insan yuxuda ağrı hiss edə bilməz. Son onilliklərdə aparılan elmi tədqiqatlar isə yuxularda ağrının mümkün olduğunu, lakin çox nadir hallarda baş verdiyini göstərmişdir. Filosof Ben Sprinqett qeyd etmişdir ki, Lokk buna cavab olaraq yuxuda odda yanma ağrısının gerçək həyatda odda yanma ağrısı ilə müqayisəolunmaz olduğunu deyə bilərdi. Hobbs isə yuxuların absurdluğa açıq olduğunu, oyaq həyatın isə belə olmadığını iddia edirdi.

Bir çox müasir filosof yuxu skeptisizmini ətraflı şəkildə tənqid etmişdir (məsələn, Stone, 1984). Ernest Sosa (2007) bu mövzuya həsr olunmuş bir fəsildə yuxu haqqında yeni nəzəriyyə irəli sürmüş və bu nəzəriyyənin yeni bir skeptik arqument doğurduğunu, lakin bunun da təkzib edilə biləcəyini göstərməyə çalışmışdır. O, A Virtue Epistemology: Apt Belief and Reflective Knowledge əsərində yazır: “yuxuda biz həqiqətən inanmırıq; sadəcə inanırmış kimi edirik”.Sosa, Ernest (2007). A Virtue Epistemology: Apt Belief and Reflective Knowledge. Oxford University Press.

Yuxu skeptisizmi Norman Malkolm 1959-cu ildə nəşr olunan Dreaming adlı monoqrafiyasında Lüdviq Vitgenşteynin yuxuların həqiqətən yaşanıb-yaşanmadığına dair sualını inkişaf etdirmişdir. O, “Mən yatıram” cümləsinin mənasız olduğunu və yuxuların oyaqlıq təəssüratından asılı olmadan mövcud ola bilməyəcəyini iddia edirdi.

Filosof Deniel Dennett bu ideyanı “kaset lenti hipotezi” ilə genişləndirmişdir. O, yuxuların real şüurlu təcrübələr deyil, oyanış zamanı yaranan psevdoyaddaşlar olduğunu irəli sürmüşdür.

Filosof Cenifer Vindt isə aydın yuxular psixologiyasına əsaslanaraq yuxu skeptisizminə qarşı çıxmış və yuxuları real imaginativ təcrübələr kimi izah edən konseptual çərçivə irəli sürmüşdür.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Elmi fantastika mövzuları Kateqoriya:Reallıq