1826-cı il Quba iğtişaşları və ya 1826-cı il Quba üsyanı, Rusiya-İran müharibəsi (1826–1828) dövründə, Çar Rusiyasının Şimali Azərbaycanda apardığı işğal və sosial-iqtisadi siyasətə qarşı yerli əhalinin etirazı olaraq baş vermiş hadisədir. İğtişaşlar, Qacar qoşunlarının bölgəyə yaxınlaşması fonunda daha da güclənmişdir.
Haqqında Arxa plan 1813-cü il Gülüstan müqaviləsindən sonra Şimali Azərbaycanda möhkəmlənən Rusiya İmperiyası, Quba xanlığının ləğvindən sonra bölgədə özünün sərt sosial-iqtisadi və idarəetmə siyasətini tətbiq etməyə başladı. Bu siyasət yerli əhali, xüsusən də bəylər və zadəganlar arasında geniş narazılığa səbəb olmuşdu.
1826-cı ildə Rusiya ilə Qacarlar (İran) arasında yeni müharibənin başlaması və Qacar qoşunlarının Qafqaza, o cümlədən Quba əyalətinə doğru irəliləməsi, yerli narazı əhali üçün üsyana qalxmaq üçün təkanverici bir fürsət yaratdı.
1826-cı il iyulun 19-da 60 minlik Qacar ordusu Abbas Mirzənin rəhbərliyi ilə Araz çayını keçib Gəncəyə yerləşdi və Şuşa qalasını mühasirəyə aldı.
Üsyan 1826-cı il sentyabrın 18-də Qacar qoşunları və yerli üsyançı dəstələr Quba qalasını mühasirəyə aldılar. Hadisələrə keçmiş altı min nəfərlik dəstəsi ilə Quba xanı Şeyxəli xanın Ərdəbildən gəlmiş 19 yaşlı oğlu Sultanəhməd xan rəhbərlik edirdi. Sultanəhməd xan, Qacarlar tərəfindən bölgədə xalqı Rusiyaya qarşı üsyana qaldırmaq üçün vasitəçi rolunu oynayırdı. Qacar ordusunun komandanlarından olan, Fətəli Şah Qacarın oğlu Şeyxəli Mirzə isə Bakı və Quba qalasına edilən hücuma rəhbərlik edirdi. Quba şəhəri təxminən 10 gün ərzində mühasirədə qalmışdı. Şəhərin mühafizəsini təşkil edən rus qoşunları Quba qalasının yardımı ilə mühasirəni dağıtmağa nail oldular.
Sentyabrın 25-dən sonra Qacar qoşunları Quba şəhəri ətrafında böyük itkilər verməyə başladı. Oktyabrın 13-dək isə Qacar qüvvələri darmadağın edilərək Quba əyalətinin hüdudlarından çıxarıldı.
Üsyanda ən çox Ağbil, Amsar, Bədirqala, Birinci Nügədi, Cıdırqala, Həsənqala, Qəçreş, İkinci Nügədi, Xudat, Tahir kəndlərinin əhalisi fəallıq göstəriblər.
Nəticəsi Üsyandan sonra Qubanın demoqrafik vəziyyəti mənfiyə doğru dəyişdi. Üsyanın iştirakçılarına qarşı sürgünlər və edam cəzaları tətbiq edildi. 1826-cı il Quba iğtişaşları ilə əlaqədar repressiyaların miqyası, Qubanın komendantı Kapitan Parxomovun general Yermolova (İnfanteriya generalı) və Dağıstan Hərbi Dairəsinin rəisi General-mayor fon Krabbeyə göndərdiyi hesabatlardan aydın olur. Həmin hesabatlarda qeyd edilir ki, üsyan rəhbəri Sultanəhməd xan ilə əlaqədə olan və ona dəstək verən onlarla yerli şəxs müxtəlif sərt cəzalara, o cümlədən edam hökmünə məhkum edilmişdir. Ümumilikdə 66 bəy və onlara yaxın olan 235 zümrə ya edam olundu, ya sürgün edildi, ya da Sultanəhməd xanla birlikdə Qubanı tərk etməyə məcbur oldu. Bu, Rusiya hakimiyyətinin bölgədəki köhnə yerli feodal elitasını zəiflətmək siyasətini gücləndirdi.
Bədii ədəbiyyatda Rus yazıçısı Aleksandr Bestujev-Marlinski 1831-1832-ci illərdə yazdığı "Dağıstandan məktublar" sənədli-bədii əsərində Qafqazda Rusiya imperiyasının aparatdığı hərbi əməliyyatları, o cümlədən Dağıstan və Quba bölgəsində baş verən döyüşləri, yerli xalqların müqavimətini və rus ordusunun gündəlik həyatını canlı təsvirlərlə əks etdirmişdir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Qafqaz tarixi Kateqoriya:Rusiyanın müharibələri Kateqoriya:Quba üsyanları Kateqoriya:Azərbaycanda üsyanlar Kateqoriya:1826-cı ildə Azərbaycan Kateqoriya:1826-cı ildəki hadisələr Kateqoriya:Qacarların müharibələri Kateqoriya:Rusiya-İran müharibələri Kateqoriya:Rusiya-İran müharibəsi (1826-1828)