Əbu Həfs Nəcməddin Ömər ibn Məhəmməd ibn Əhməd ən-Nəsəfi əs-Səmərqəndi (; ) — Hənəfi fəqih, mühəddis, müfəssir və kəlamçı.
Bioqrafiyası Buxara yaxınlığındakı Nəsəfdə (indiki Qarşi) doğulub.
İlk təhsilini burada alıb. Çoxlu müəllimlərdən dərs alıb. 550 alimdən hədis nəql edib. Bu haqda "Tədadü şüyuxi-Ömər" adlı əsər qələmə alındığı da deyilib. Müəllimlərindən bəziləri bunlardır: Əbu Yusr əl-Pəzdəvi, Cəmaləddin Həmid ibn Məhəmməd ər-Riğədmuni, Məhəmməd ibn Məhan əl-Kəbindəvi, Ömər ibn Məhəmməd əl-Buxari əl-Hoşnami, Əhməd ibn Abdullah əs-Sibği, İsmayıl ibn Məhəmməd ət-Tənuhi, Əbül-Muin ən-Nəsəfi, Əbu Əli Həsən ibn Əbdülməlik ən-Nəsəfi.
Hədisləri əzbər bilməsi səbəbi ilə ona "Müftis-səqaleyn", "Nəcməddin" ləqəbləri və "hafiz" titulu verilmişdir. Ancaq hədis rəvayətində zəif olduğu deyilmişdir. Nəsəfinin Bağdadda "Tətvilül-əsfar li-təhsilil-əxbər" adlı əsərini tədris etdiyi və bir çox şəxsin ondan hədis nəql etdiyi söylənmişdir. Həmçinin onun, həcc ziyarəti üçün getdiyi Məkkədə Carullah əz-Zəmaxşəri ilə görüşdüyü deyilmişdir.
Tələbələri arasında Bürhanəddin əl-Mərğinani, Əbu Həfs Ömər ibn Məhəmməd ibn Ömər əl-Aqili, Müvəffəqəddin Əhməd ibn Məhəmməd əl-Xarəzmi, Əbu Bəkr Əhməd ibn Əli əl-Bəlxi əz-Zahir, Əbül-Fəzl Məhəmməd ibn Əbdülcəlil əs-Səmərqəndi, Əhməd ibn Musa əl-Keşşani, Bürhanəddin Məhəmməd ibn Həsən əl-Kəsani və Əbül-Leys Əhməd ibn Ömər ən-Nəsəfi (oğlu) vardır.
O, 1142-cı ildə Səmərqənddə vəfat etmişdir.
Əsərləri Qaraxanlılar dövrünün ən qabaqcıl elm adamlarından olan Nəsəfi, müxtəlif sahələrə aid əsərlər qələmə almışdır. Onun qələmə aldığı əsərlərdən bəziləri bunlardır: Əqaidün-Nəsəfi. Bu risalə Nəsəfini məşhurlaşdıran əsərlərdəndir (London. 1843). Əl-Mənzumətün-Nəsəfiyyə. Hənəfilər arasında məşhur olan müxtəsər bir fiqhi mətndir (Ştutqart. 1990, Ankara. 1996, İstanbul. 2019). Ət-Teysir fit-təfsir. Əsərin yüzlərlə nüsxəsi dövrümüzə qədər gəlib çatmışdır (Beyrut. 2019). Ət-Əkməlül-ətvəl. Böyük həcmli bir təfsir olub, Qahirənin Xidiviyyə kitabxanasında bəzi nüsxələri mövcuddur. Mətləun-nücum və məcməul-ülum. Ensiklopedik bir əsər olub, dini elmlərlə yanaşı, təbiət, riyazi elmlər, dil, ədəbiyyat, tarix kimi sahələri əhatə edən əlli yeddi bölmədən ibarətdir (Daşkənd. 2015). Nəzmül-Camiis-sağir. Məhəmməd ibn Həsən əş-Şeybaninin əsəri ilə bağlı qələmə alınmış əsərdir.
Həmçinin bax
Əbül-Bərəkət ən-Nəsəfi
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Matüridilər Kateqoriya:Şeyxülislamlar Kateqoriya:Hənəfilər