Əşrəf Əliyev () — azərbaycanlı dağ-mədən mühəndisi, Cümhuriyyət tələbəsi, repressiya qurbanı.

Vladiqafqaz kişi gimnaziyasını bitirib, Rostov Universitetinin tibb fakültəsində təhsil alıb. Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün Almaniyaya göndərilib. Frayberq Dağ-Mədən Akademiyasında oxuyaraq dağ mühəndisi və markşeyder diplomları alıb. Almaniyada azərbaycanlı tələbələrin təşkilatlarında fəaliyyət göstərib, tələbələrə maddi yardım ayrılması üçün danışıqlar aparmaq məqsədilə Azərbaycana göndərilən nümayəndələrdən biri olub.

1925-ci ildə Bakıya qayıtdıqdan sonra neft sənayesində çalışıb. Bibiheybətdə mədən müdirinin köməkçisi, sonradan “Molotovneft”in qazma qrupunun müdiri olub. Lenin ordeni ilə təltif edilib.

1936-cı ildə Almaniyanın xeyrinə casusluqda və antisovet fikirlər səsləndirməkdə ittiham edilərək həbs olunub. Əvvəlcə beş il müddətinə islah-əmək düşərgəsinə göndərilməsi qərara alınıb, 1938-ci ildə isə güllələnib. 1989-cu ildə bəraət alıb.

Həyatı

İlk illəri Əşrəf Ağaəli oğlu Əliyev 1900-cü il aprelin 2-də Şuşada anadan olub. 1903-cü ildə atası vəfat etdikdən sonra böyük qardaşı Hacının himayəsində böyüyüb. 1906-cı ildə ailəsi ilə birlikdə Vladiqafqaza köçüb. 1909-cu ildə Vladiqafqaz kişi gimnaziyasına daxil olub, 1910-cu ildən maddi vəziyyətinə görə təhsil haqqından azad edilib. 1914-cü ildən aşağı sinif şagirdlərinə fərdi dərslər verərək dolanışığını təmin etməyə başlayıb.

1919-cu il aprelin 30-da gimnaziyanın səkkizillik tam kursunu bitirib və medalla təltif olunub. Attestatında fənlərin əksəriyyətindən əla qiymətlər alıb. Həmin ilin sentyabrında Rostov Universitetinin tibb fakültəsinə daxil olub və burada bir semestr oxuyub.

1917-ci ildə Tersk vilayətinin müsəlman şagirdlərinin nümayəndəsi kimi Bakıda keçirilən Qafqaz müsəlman şagirdlərinin qurultayında iştirak edib. Gənclik illərində gimnastika, futbol, velosiped və tennis ilə məşğul olub. 1919-cu ildə təşkil etdiyi idman səfəri zamanı Vladiqafqazdan Tiflisə velosipedlə, oradan Gəncəyə qatarla gedib. Gəncədən Yevlax, Ağdam və Şuşaya velosipedlə səfər edib, daha sonra Bakıdan keçərək Vladiqafqaza qayıdıb.

1919-cu il avqustun 31-də Bakıda Müsəlman Tələbə Komitəsinə ərizə ilə müraciət edərək hökumətin xaricə göndərəcəyi tələbələr sırasına daxil edilməsini istəyib. Ərizəsində Cenevrədə dağ-mədən ixtisası üzrə təhsil almaq arzusunda olduğunu bildirib. Noyabrın 21-də tələbələrin Qərbi Avropaya göndərilməsi üzrə komissiyaya yazdığı növbəti ərizədə dağ-mədən, yol və ya mexanika ixtisaslarından birinə göndərilməsini xahiş edib.

1920-ci il yanvarın 14-də ona Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən dövlət hesabına xaricdə təhsil almağa göndərilməsi haqqında 493 saylı vəsiqə verilib.

Almaniyada Almaniyanın Frayberq şəhərindəki Dağ-Mədən Akademiyasına daxil olub.

Almaniyada təhsil aldığı müddətdə Azərbaycan Tələbələri Birliyinin, 1922-ci ildən isə ZSFSR Tələbələri Birliyinin üzvü olub. Xaricdəki azərbaycanlı tələbələrə təqaüd verilməsində yaranan çətinliklərə görə Almaniyadakı Azərbaycan Tələbələri Komitəsi onu Səməndər Axundzadə ilə birlikdə Bakıya göndərib. 1921-ci il mayın 19-da Berlində verilən mandata əsasən, Əşrəf Əliyev Almaniya, Fransa və İtaliyada təhsil alan azərbaycanlı tələbələrə maddi yardım göstərilməsi barədə danışıqlar aparıb.

Avropaya qayıdarkən İstanbulda pasport problemi ilə üzləşib. Bəhram bəy Axundovun hesabatına görə, sovet pasportları ilə səfəri davam etdirmək mümkün olmadığından, 1921-ci ilin iyulunda onunla birlikdə olan tələbələr üçün İran pasportları əldə edilib.

1920–1925-ci illərdə təhsil aldığı dövrdə tətillər zamanı Saksoniya, Hannover, Rur, Reyn və Elzasdakı şaxta, mədən və zavodlarda ümumilikdə 18 ay işləyib. 1925-ci ildə Frayberq Dağ-Mədən Akademiyasında təhsilini başa vuraraq dağ mühəndisi və markşeyder diplomları alıb.

SSRİ-də 1925-ci il avqustun 1-də Aleksandr Serebrovski tərəfindən Almaniya və Fransanın neft mədənlərində dörd ay işləmək şərti ilə “Azərneft”də işə qəbul edilib. Hannover bölgəsindəki və Elzasdakı neft mədənlərində çalışıb. Dekabrın 26-da Bakıya qayıdıb, dekabrın 28-də Bibiheybət rayonunun ikinci mədənində müdir köməkçisi təyin olunub.

Sonrakı illərdə neft sənayesinin istismar və qazma sahələrində işləyib. 1928–1932-ci illərdə qazma işləri ilə məşğul olub.

Əmək fəaliyyətinə görə 1932-ci ildə "Lenin" ordeni ilə təltif olunub.

Daha sonra “Molotovneft”in üçüncü qazma qrupunun müdiri vəzifəsində işləyib.

1936-cı il dekabrın 17-də həbs olunması haqqında qərar verilib, dekabrın 18-də həbs edilib. Bakıda Qırmızı küçədəki mənzilində axtarış aparılıb. Axtarış zamanı Lenin ordeni və orden kitabçası, qızıl saat, zəncir, sikkələr və digər əşyaları götürülüb.

Alman qəzetinin müxbiri Artur Yust və “Alfred Virt” firmasının nümayəndələri ilə əlaqələrinə görə Almaniyanın xeyrinə casusluq etməkdə, həmçinin antisovet fikirlər səsləndirməkdə ittiham olunub. İstintaq zamanı onun Almaniyada təhsili, İran pasportu, xarici şirkətlərin nümayəndələri və keçmiş tələbə yoldaşları ilə münasibətləri araşdırılıb.

Əşrəf Əliyev dindirmələrdə özünü təqsirli bilməyib. 1937-ci il mayın 4–5-də keçirilən dindirmədə də günahsız olduğunu bildirib. Fevralın 20-də şahid kimi dindirilən həyat yoldaşı Nina Əliyeva onun əleyhinə ifadə verməyib.

1937-ci il iyunun 22-də istintaqın başa çatması haqqında protokol tərtib edilib. SSRİ Xalq Daxili İşlər Komissarlığının Xüsusi Müşavirəsinin oktyabrın 4-də qəbul etdiyi qərarla casusluqda şübhəli bilinərək beş il müddətinə islah-əmək düşərgəsinə göndərilməsi qərara alınıb. Cəza müddəti 1936-cı il dekabrın 18-dən hesablanıb.

Əşrəf Əliyev 1938-ci il mayın 3-də güllələnib. 1989-cu il dekabrın 25-də bəraət alıb.

Ailəsi Əşrəf Əliyev Şuşa sakinləri Ağaəli Əliyev və Məşədi Bilqeyis Kərbəlayı Qasım qızının ailəsində anadan olub. Ağaəli Əliyev sənətkar olub və 1903-cü ildə vəfat edib. Atasının ölümündən sonra ailəyə böyük qardaşı Hacı Əliyev himayədarlıq edib və ailəni Vladiqafqaza aparıb.

Qardaşı Qaraş Əliyev Vladiqafqazda xırda ticarətlə məşğul olub, meyvə bağlarını icarəyə götürərək meyvə satıb. Digər qardaşı Cahangir Şuşada yaşayıb.

Həyat yoldaşı Nina Mixaylovna Əliyeva 1912-ci ildə Yelets şəhərində anadan olub. Rus əsilli olub, ali pedaqoji təhsil alıb. Əşrəf Əliyevlə 1935-ci ilin yazında “Azərneft”in texniki təchizat idarəsində keçirilən müşavirədə tanış olub. 1936-cı ilin martında ailə qurublar.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri