Psixometriya — fərdi psixoloji xüsusiyyətlərin, qabiliyyətlərin və davranış nümunələrinin ölçülməsi və qiymətləndirilməsi ilə məşğul olan elm sahəsi. Psixometriya əsasən psixoloji testlərin hazırlanması, tətbiqi və nəticələrinin statistik təhlili ilə bağlıdır. Bu sahə psixologiya, təhsil, personal idarəetməsi və klinik diaqnostika kimi bir çox sahələrdə geniş tətbiq olunur. Psixometriyanın əsas məqsədi psixoloji konstruktların (məsələn, intellekt, şəxsiyyət, motivasiya və s.) ölçülə bilən dəyişənlər şəklində ifadə olunmasıdır. Bunun üçün testlər və anketlər hazırlanır və bu ölçmə vasitələrinin etibarlılığı () və düzgünlüyü () qiymətləndirilir.
Etibarlılıq — testin nəticələrinin sabitliyini və təkrar tətbiqlərdə eyni nəticələr verib-vermədiyini ölçür. Düzgünlük — testin nəzərdə tutulan konstruktu nə dərəcədə düzgün ölçdüyünü göstərir. Normativlik — test nəticələrinin müəyyən populyasiya üçün müqayisə çərçivəsində şərh olunmasıdır.
Tarixi əsaslar Psixometriya XIX əsrin ortalarında fərdi fərqlərin və psixoloji xüsusiyyətlərin elmi ölçülməsi ehtiyacından yaranmışdır. Psixometriya elmi psixologiyanın inkişafı ilə paralel olaraq formalaşmışdır və ilk növbədə insan idrakı və qabiliyyətlərinin obyektiv qiymətləndirilməsi ilə bağlı olmuşdur.
Viktoriya axını İngiltərədə yaranan bu axının əsas nümayəndəsi Frensis Qalton olmuşdur. O, insan qabiliyyətlərini ölçmək üçün statistik metodlara əsaslanan yanaşmalar irəli sürmüş və ilk psixoloji laboratoriyalardan birini qurmuşdur. Onun irəli sürdüyü fərdi fərqlərin araşdırılması və normal bölgü konsepsiyaları psixometriyanın əsaslarını təşkil etmişdir.
Almaniyada () isə psixometriyanın inkişafı Vilhelm Vundt və Qustav Fexner kimi alimlərin fəlsəfi və eksperimental psixologiya işlərinə əsaslanmışdır. Bu yanaşma əsasən hissiyatın və qavrayışın ölçülməsi ilə bağlı idi və kvantitativ təcrübələrə diqqət yetirirdi.
XX əsr XX əsrdə psixometriya müstəqil elmi sahə kimi formalaşdı. Çarlz Spirmen faktor analizinin əsasını qoydu və "g faktoru" anlayışını irəli sürdü. Luis Tyorston, Reymond Kettell və Coy Pol Qilford kimi alimlər çoxölçülü psixometrik modelləri inkişaf etdirdilər. Bu dövrdə həmçinin klassik test nəzəriyyəsi və item response theory kimi modellər geniş istifadə olunmağa başladı.
Sosial elmlərdə ölçmə, abstrakt konstruktların (məsələn, intellekt, motivasiya, şəxsiyyət) empirik göstəricilər vasitəsilə ifadə olunması prosesi kimi başa düşülür. Burada "ölçmə" dedikdə yalnız fiziki ölçülər deyil, psixoloji dəyişənlərin də statistik əsaslarla qiymətləndirilməsi nəzərdə tutulur.
Psixometriyada əsas ölçmə vasitələri testlər, anketlər, müşahidə protokolları və sorğulardır. Bu vasitələr:
strukturlaşdırılmış (məsələn, IQ testləri), yarı-strukturlaşdırılmış (məsələn, şəxsiyyət anketləri), qeyri-strukturlaşdırılmış (məsələn, proyektiv testlər) ola bilər.
Testin hazırlanması mərhələlərinə itemlərin yazılması, ilkin pilot tədqiqat, statistik analiz və normativləşdirmə daxildir.
Psixometriya sahəsində iki əsas nəzəri yanaşma mövcuddur:
Klassik Test Nəzəriyyəsi (Classical Test Theory – CTT) – müşahidə olunan nəticəni həqiqi skor və xəta olaraq bölür. Item Response Theory (IRT) – hər itemin çətinlik səviyyəsini və iştirakçının qabiliyyətini ayrı-ayrılıqda nəzərə alır.
Bundan başqa, faktor analizi, struktur ekvasiya modelləri və bayes yanaşmaları da geniş istifadə olunur.
Test standartları Psixometrik testlərin hazırlanması və tətbiqi zamanı Amerika Psixoloji Assosiasiyası (American Psychological Association, APA), Amerika Təhsil Tədqiqatları Assosiasiyası (American Educational Research Association, AERA) və Təhsildə Ölçmə üzrə Milli Şura (National Council on Measurement in Education, NCME) tərəfindən müəyyən edilmiş "Testing Standards" rəhbər tutulur. Bu standartlar etik, texniki və praktik məsələləri əhatə edir.Hambleton, R.K., & Swaminathan, H. (1985). Item Response Theory: Principles and Applications. Boston: Kluwer-Nijhoff.
Qiymətləndirmə yalnız nəticənin alınması deyil, həm də onun təhlili və şərhi prosesidir. Bu zaman testin məqsədi, tətbiq sahəsi və cavab verənlərin xüsusiyyətləri nəzərə alınmalıdır. Ədalətlilik, şəffaflıq və kontekstə uyğunluq əsas prinsiplərdir.
Psixometriya sahəsində bəzən konstruktların süni şəkildə ölçülməsi, mədəni kontekstdən asılılıq və diskriminasiyanın gücləndirilməsi kimi problemlər qeyd olunur. Bəzi tənqidçilər psixometrik yanaşmanın insan davranışının mürəkkəbliyini tam əhatə etmədiyini bildirirlər.
Psixometrik üsullar yalnız insanlara deyil, bəzi hallarda heyvanların davranış öyrənməsi və maşınların qərar vermə qabiliyyətlərinin test olunması üçün də tətbiq edilir. Məsələn, laborator siçanların yaddaş testləri və süni intellekt sistemlərinin öyrənmə performansı psixometrik yanaşmalarla ölçülə bilər.
İstinadlar
Xarici keçidlər
APA Standards for Educational and Psychological Testing International Personality Item Pool Joint Committee on Standards for Educational Evaluation The Psychometrics Centre, University of Cambridge Psychometric Society and Psychometrika homepage London Psychometric Laboratory
Kateqoriya:Psixometriya Kateqoriya:Statistikanın tətbiq edilmə sahələri