Qanzer sindromu (həbsxana psixozu, mimik cavablar sindromu) son dərəcə nadir dissosiativ pozğunluqdur və şüurun bulanmasının bir növüdür. Sindromu ilk dəfə alman psixiatrı Siegbert Joseph Qanzer (24 yanvar 1853 - 4 yanvar 1931) həbsxana məhbuslarının müşahidələrinə əsaslanaraq müəyyən etmişdir. Buna görə də bu sindromu həbsxana psixozu da adlandırırlar. Qanzer əsas simptomlar kimi şüurun və ünsiyyətin pozulmasını göstərmişdir. Bir pişiyin neçə ayağı var kimi suallara xəstələr təxminən 4 cavabını verirdilər. Sonradan, psixatırlar stresli şəraitdə çalışan əsgərlərdə də oxşar pozğunluqların olduğunu müəyyən etmişdilər.
ICD-10-da Qanzer sindromu (F44.80) dissosiativ pozğunluqlar (F44) bölməsində qeyd edilmişdir.
Simptomları
Əsas simptomları:
Düzgün olmayan cavablar. Xəstə adi sualları cavablandırarkən səhvlərə yol verir. Məişət əşyalarının adını çəkə bilmir, yaşını, həftədə neçə gün olduğunu, barmaqlarının sayını bilmir, rəngləri düzgün adlandırmır (yarpaqları göy, buludları qara, qanı yaşıl kimi göstərir). Əks hərəkətlərin yerinə yetirilməsi. Məsələn, xəstə kibriti yandırarkən kibritin arxası ilə sürtür, qəzeti başıaşağı oxuyur, açarı başıaşağı daxil edir və xəstədən pəncərəni açmağı xahiş etdikdə xəstə həmin pəncərəni bağlayır. Şüurun daralması. Xəstələrdə orientasiya pozulur və ətrafda baş verənlərə laqeyd yanaşırlar. Travmatik hadisə ilə bağlı məlumatlara həssaslıq həddinin azalması müşahidə olunur. Puerilizm. Vəziyyətdən çıxdıqdan sonra qismən və ya tam amneziya. Xəstələr sadə hesab əməliyyatlarını tam düzgün həll edə bilmirlər, lakin onların cavabları doğru cavablara çox yaxın olur (məsələn, 2+2=5, 6×6=37). Bəzi daha çətin hərəkətlərin və riyazi hesablamaların düzgün icra edildiyi hallara da rast gəlinir.
Travmatik vəziyyətlə əlaqəli illüziyalar, xəyalpərəst fantaziyalar yaranır. Belə hallarda isə narahatlıq, depressiya, stupor və ya güclü həyəcan halları müşayiət olunur.
Səbəbləri Qanzer sindromunun xarici mühitdəki stresə cavab olaraq yarandığı müəyyən edilsə də, onun etiologiyası elmə hələ tam aydın deyildir. Estes və Nyu həbsxana məhbusları üzərində aparılan araşdırmalarında belə nəticəyə gəldilər ki, həbsxana kimi dözülməz bir vəziyyətdən qaçmaq, pozğunluqdan əvvəl baş verən stresli vəziyyətə məruz qalma Qanzer sindromunun əsas simptomlarını oyadır.
Kraepelin və Bumke isə sindromun isterik xarakter daşıdığına inanırdılar. Belə ki, stresli vəziyyətdən çıxdıqdan sonra amneziya ən çox isteriya üçün xarakterik olan travmatik emosional hadisəyə cavab olaraq baş verir.
Mayer-Qross və Bleulerə görə, Qanzer sindromu əsasən epilepsiya və ya şizofreniya xəstələrində müşahidə olunur.
F.A.Uitlokun fikrincə, Qanzer sindromu isterik pozğunluqdur. Eyni zamanda F.A.Uitlok orqanik beyin xəstəlikləri olan insanlarda və ya fiziki cəhətdən sağlam insanlarda kəskin psixoz nəticəsində Qanzer sindromunun müşahidə edildiyi bir sıra halları da qeyd etmişdir. Siqalın araşdırması nəticəsində müəyyən edilmişdir ki, Qanzer sindromu olan on beş xəstədən yeddisində üzvi patologiya mövcuddur. Qanzer sindromu və orqanik beyin patologiyası olsa da, heç bir premorbid isterik əlamətlərə və üzvi patologiyaya rast gəlinmədiyi hallarda vardır. Bu isə öz növbəsində Qanzer sindromunun etiologiyası və nozologiyası baxımından kifayət qədər mübahisələrə səbəb olur.
Qanzer sindromunun nevroloji əsaslarının öyrənilməsi zamanı insult və infarktdan sonra sindromun inkişaf etdiyi xəstələrə də rast gəlinmişdir. Həm stressdə, həm də insultda ümumi olan səbəb isə beyində dissosiativ simptomlarla əlaqəli olan qlutamatın artıqlığıdır.
Diaqnostikası DSM-III-də Qanzer sindromu faktiki pozğunluqlar kateqoriyasına daxil edilmişdir. Bununla belə, hazırda ICD-10 və DSM-IV-də Qanzer sindromu dissosiativ pozğunluqlar kateqoriyasına aid edilir. Diaqnozun əsas meyarları təxmini cavablar və ya tam olmayan cavablardır.
Sindromu müəyyən etmək üçün nevroloji və psixi müayinələr, eləcə də xəstənin vəziyyətini qiymətləndirən testlər tövsiyə olunur. Həmçinin üzvi patologiyaları istisna etmək üçün tomoqrafik müayinə, delirium və ya qıcolma pozğunluğunu istisna etmək üçün EEG, infeksiyaları istisna etmək üçün isə bel ponksiyonu etmək tövsiyə olunur.
Qanzer sindromunun diaqnozunun qoyulması onun çox nadir rast gəlinən xəstəlik olması baxımından çətin hesab olunur. Sindromun simptomları da insandan insana dəyişə bilir.
Müalicəsi Əksər hallarda Qanzer sindromunun simptomları bir neçə gün ərzində və ya stresli vəziyyətin aradan götürüməsindən sonra yox olur. Xəstə özü və başqaları üçün təhlükə yaradırsa dərhal xəstəxanaya yerləşdirməlidir.
Ağırlaşmış hallarda xəstələrə dərman müalicəsi təyin edilir. Nöroleptiklər və benzodiazepin trankvilizatorlarının birləşməsi simptomları aradan qaldırmaqda mühüm rol oynayır. SSRI qrupundan olan antidepressantların qəbulu da effektiv təsir göstərir. Xəstələrə psixoterapiya da tövsiyə olunur.
İstinadlar
Kateqoriya:Ədli psixologiya Kateqoriya:Dissosiativ pozğunluqlar Kateqoriya:Psixopatoloji sindromlar Kateqoriya:Sindromlar Kateqoriya:Kəşf edənin adını daşıyan xəstəliklər Kateqoriya:Mədəniyyətlə əlaqəli sindromlar