Molla Mahmud Zuyi (1843, Şamaxı – ?) — XIX əsr Azərbaycan şairi, müəllim, xəttat və maarifçi. “Beytüs-Səfa” ədəbi-mədəni mühitinin üzvlərindən biri olmuşdur.

Həyatı və təhsili Molla Mahmud Zuyi haqqında ilk ətraflı məlumat Seyid Əzimin «Təzkirə»sində yer almışdır. Təzkirəyə əsasən, o, 1843-cü ildə Şirvanda anadan olmuşdur. Seyid Əzim təzkirəsində qeyd edir ki, yazıldığı dövrdə Zuyi artıq 25 yaşına qədəm qoymuşdu. Bu qeyddən yola çıxaraq təzkirənin 1867-ci ildə qələmə alındığı qənaətinə gəlmək olar.

Zuyi ilk təhsilini və tərbiyəsini Şamaxıda almış, bütün tələbələr içərisində şeir istedadı ilə seçilmişdir. O, fars və ərəb dillərini öyrənmiş, yalnız Azərbaycan və fars dillərində deyil, həmçinin ərəb dilində də şeirlər yazmışdır.

Müəllimlik fəaliyyəti Zuyi ömrünün bir hissəsini müəllimliklə keçirmişdir. F.Köçərlinin yazdığına görə, Zuyi bir zaman Ə.Nəbatinin yaşadığı Muğanın Xanlıq kəndində məktəbdarlıq etmişdir. Onun nə vaxt və hansı səbəbdən bu bölgəyə gəldiyi məlum olmasa da, Ağaəli bəy Nasehə göndərdiyi məktubda doğma şəhəri Şamaxını, “Beytüs-Səfa” məclisini və oradakı musiqili ədəbi mühitini həsrətlə xatırladığı qeyd olunur.

Zuyi məktəb uşaqları üçün bir neçə mənzum hekayələr də yazmışdır. Bunlardan “Düzd və qazi” (Oğru və qazi) və “Nəsihət-i Loğman” adlı kitabçalar 1913-cü ildə Tiflisdə Şərq mətbəəsində Mirzə Müzəffər Əfəndizadə tərəfindən nəşr edilmişdir.

Yaradıcılığı Seyid Əzimin təzkirəsində Molla Mahmud Zuyinin Füzulinin “Leyli və Məcnun” əsərinin bəhrində yazılmış bir məsnəvisi və on dörd qəzəli təqdim olunmuşdur. Təzkirədən məlum olur ki, bu şeirlər şairin gənclik illərinə aiddir.

Zuyinin şeirləri əsasən fəlsəfi düşüncələr və dəruni axtarışlarla zəngindir. Onun «Bilmədim» rədifli şeiri bu baxımdan xüsusilə diqqətəlayiqdir. Bu şeirdə şair dünyanın, təbiətdəki hadisələrin mənşəyini, həyatın sirli tərəflərini anlamağa çalışır. Onun bizə çatan qəzəllərinin məzmunu əsasən yarından şikayət edən aşiqin giley-güzarından ibarətdir.

F.Köçərlinin yazdıqlarından belə məlum olur ki, o, “Azərbaycan ədəbiyyatı materialları” üçün məlumat toplayarkən Zuyi hələ həyatda olmuşdur. Köçərli qeyd edir ki, şairin çoxlu sayda qəzəlləri mövcud idi. Lakin bu günə qədər onun ədəbi irsi tam şəkildə əldə olunmamışdır. İstinadlar

Ədəbiyyat

Kateqoriya:1843-cü ildə doğulanlar Kateqoriya:Şamaxıda doğulanlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər