Murad Vəliyev () – Estoniya və Azərbaycan futbolçusu. Azərbaycan çempionatında çıxış edən "Şamaxı" klubunun oyunçusudur.
Klub karyerası
"Kalev" Murad Vəliyev Estoniyanın "Levadiya" və "Kalev" klubularının yetirməsidir. Daha sonra Almaniyanın "DBİ Bad-Ayblinq" futbol məktəbinə və "Rozenhaym 1860" klubuna qoşulmuşdur. 2020-ci ilin iyulunda "Kalev" klubuna qayıtmışdır. 31 iyul 2020-ci ildə "Flora" klubuna qarşı baş tutmuş qarşılaşmada debüt etmişdir. O, əsas heyətdə möhkəmlənmiş və komandanın əsas oyunçularından birinə çevrilmişdir.
26 avqust 2020-ci ildə Estoniya Kuboku çərçivəsində "Transfervays" klubuna qarşı baş tutmuş oyunda klubdakı ilk qolunu vurmuşdur. Estoniya çempionatında ilk qolu 28 noyabr 2020-ci ildə "Kuressaare" klubuna qarşı baş tutmuş oyunda qeydə alınmışdır. Komandası çempionatında sonuncu yeri tutmuş və aşağı liqaya düşmüşdür. Vəliyev mövsüm ərzində bütün turnirlərdə 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalmışdır.
Növbəti mövsüm ilk oyununu 4 mart 2021-ci ildə "Nımme Yunayted" klubuna qarşı keçirmişdir. Oyuna əsas heyətdə başlayan Vəliyev mövsümdəki ilk qolunu vurmuşdur. Mövsüm oyunca klubun əsas heyətində çıxış etməyə davam etmişdir. "Kalev" mövsümü ikinci yerdə başa vurmuş və yuxarı liqaya çıxmaq üçün "Tammeka" klubu ilə pley-off oyununa çıxmaq fürsəti əldə etmişdir. Lakin klub oyunu uduzaraq yuxarı liqaya vəsiqəni əldən vermişdir. Vəliyev mövsüm ərzində 9 qol vurmuşdur.
"Levadiya" Vəliyev 2022-ci ilin yanvarında "Levadiya" klubu ilə üçillik müqavilə imzalamışdır. O, klubun ikinci komandasında çıxış etməyə başlamış və bu komandadakı debütü 3 mart 2022-ci ildə "Elva" klubuna qarşı oyunda baş tutmuşdur. Klubdakı ilk qolunu 3 aprel 2022-ci ildə "Viymsi" klubuna qarşı oyunda vurmuşdur. 22 may 2022-ci ildə "Alyans" klubuna qarşı oyunda dubl etmişdir. Əsas komandadakı debütünü 24 may 2022-ci ildə "Legion" klubuna qarşı oyunda gerçəkləmiş və bu oyunda əsas komandadakı ilk qolunu vurmuşdur.
Vəliyev 2022-ci ilin iyununda klubu ilə UEFA Çempionlar Liqasında və Konfrans Liqası oyunlarında meydana çıxmışdır. Lakin klubu əvvəlcə "Vikinqur", daha sonra "Hibernians" klubuna uduzaraq mübarizəni dayandırmışdır. Vəliyev mövsüm ərzində həm start heyətində, həm də sonradan meydana daxil olaraq oyunlara çıxmışdır. O, mövsüm ərzində 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalmışdır. Mövsümün sonunda həm əsas komandası ilə, həm də ikinci komanda ilə çempionatda ikinci yeri tutmuşdur.
Vəliyev növbəti mövsümə 5 mart 2023-cü ildə "Vaprus" klubuna qarşı oyunla başlamışdır. O, mövsüm ərzində ikinci komandada da çıxış etmişdir. 15 mart 2023-cü ildə "Tammeka" klubuna qarşı oyunda məhsuldar ötürmə ilə yadda qalmışdır. Vəliyev mövsümün ikinci yarısını əsasən ehtiyatda keçirmiş, sadəcə bir neçə oyunda meydana çıxmışdır. Mövsümün sonunda klubu ilə çempionatda ikinci yeri tutmuşdur. Mövsüm ərzində 1 məhsuldar ötürmə ilə yadda qalmışdır.
"Nımme Yunayted" Vəliyev 2024-cü ilin fevralında icarə əsasında "Nımme Yunayted" klubunda çıxış etməyə başlamışdır. Klubdakı debütünü 1 mart 2024-cü ildə "Flora" klubuna qarşı oyunda gerçəkləşdirmişdir. Klubdakı ilk qolunu 5 aprel 2024-cü ildə "Tammeka" klubuna qarşı oyunda vurmuşdur. 31 iyul 2024-cü ildə Estoniya Kuboku çərçivəsində "Kohtla-Yarve" klubuna qarşı baş tutmuş oyunda dubl etmişdir. O, mövsümün sonunda klubu ilə sonuncu yeri tutmuş və aşağı liqaya düşmüşdür. O, mövsüm ərzində klubun əsas heyət oyunçusu olmuş və bütün turnirlərdə 4 qol vurmuşdur. İcarə müddəti başa çatdıqdan sonra klubdan ayrılmışdır.
"Şamaxı" Vəliyev 2025-ci ilin yanvarında Azərbaycanın "Şamaxı" klubu ilə 2026-cı ilin iyuluna qədər müqavilə imzalamışdır. 17 yanvar 2025-ci ildə "Qarabağ" klubuna qarşı keçirilmiş oyunda 86-cı dəqiqədə meydana çıxaraq klubdakı debütünü gerçəkləşdirmişdir.
Milli karyerası Murad Vəliyev Estoniyanın U-16 və U-18 milli komandalarında çıxış etmişdir. Daha sonra Azərbaycan U-21 milli komandasından dəvət almışdır. Bu komandadakı debütü 27 sentyabr 2022-ci ildə Moldova komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda baş tutmuşdur. 2023-cü ildə Azərbaycan komandasının tərkibində U-21 Avropa Çempionatının təsnifat oyunlarında iştirak etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Estoniya futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Estoniya azərbaycanlıları