Bico — Azərbaycan Respublikasının Ağsu rayonunun Bico kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Bico — 1824-cü il vergi sənədlərinə görə 35 ailə yaşayan Bico kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdur.
Bico Azərbaycanın ən qədim kəndlərindən biridir.
Kəndin tarixi tam olaraq araşdırılmasa da, bəzi mənbələrdə aşkar olaraq görünən məlumatlar Biconun qədim və zəngin tarix və mədəniyyətindən xəbər verir.
"Bico" sözünün etimologiyası Bəzi mənbələrdə "Bicoy", "Bica" kimi göstərilir. Çar Rusiyası və Sovet imperiyasının bəzi dönəmlərində kəndin adı "Bicov" kimi işlənmişdir.
Kəndin adının etimologiyası ilə bağlı indiyə qədər irəli sürülən versiyalardan hər hansı birinin üzərində qəti dayanmaq düzgün olmasa da, aşağıdakılardan bir-biri ilə əlaqəli olan birinci iki versiya daha etibarlı mənbələrə və izah üsullarına əsaslanır:
Kəndin adı ilə bağlı bir versiya onun peçoyların adından götürülməsidir.Bax: Abbas Abdulla "Dədəm Qorqud işığında" — "Ədəbiyyat və İncəsənət" qəzeti, 27 dekabr, 1985-ci il, № 52 (2187), S.8 Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupundan olan peçeneqlərə (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir<ref>Bax: Bəxtiyar Tuncay."Qafqaz albanlarının dili və ədəbiyyatı" Bakı: Qanun Nəşriyyatı-2010, 368 səh. S.11</ref>) aid edir. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir. Türkiyəli tarixçilər isə peçoyları nə hunlara, nə də peçeneqlərə aid etmədən Peç şəhərinin əhalisi ("peçoy" və "peçevi" sözlərinin ərəb əlifbası ilə eyni cür yazılmasını əsas gətirərək) kimi Anadoludan köçmüş osmanlı türklərindən sayır ki, bu daha əsaslandırılmış versiyadır. 17-ci əsrdə yaşamış məşhur türk səyyahı Evliya Çələbi "Səyahətnamə"sində macar, rum, serb, bolqar dilləri ilə yanaşı əcəmcəni kamil bilən, farsca oxumağı bacaran peçoy adlı müsəlman oğuz xalqı barədə geniş məlumat verir.Bax: Günümüz türkcesiyle Evliya Çelebi Seyahetnamesi, Hazırlayan:Seyit Ali Kahraman, 6.kitab, 2.cilt, YKY-2010, S.257. Əcəm elinin Azərbaycan olması əksər tarixçilərin rəylərinə əsaslanan bir faktdır. 11–12-ci əsrlərin tanınmış memarı Əbubəkr Əcəmi Naxçıvaninin "Əcəmi" ləqəbi, XVI–XVII əsrlərdə yaşayıb-yaratmış şairə Gülşadın "Bizdən salam olsun Əcəm elinə" qoşması və sairi sübut kimi misal gətirmək olar. Bundan başqa, Orta Əsrlərdə əcəmilər ərəblərdən kənar xalqlara, xüsusən də İran ərazisində yaşayan ərəbcəni bilməyənlərə deyilirdi. Tarixdən məlumdur ki, Evliya Çələbi peçoylara 1662-ci ildə Macarıstanda rast gəlmişdir. O, qeyd olunan əsərində peçoyların farsca bilməsini vurğuladıqdan sonra, həm də əcəmcə danışdıqlarına da işarə etməklə burada fars dilini qəsd etmədiyini ortaya qoyur. Bu versiya ilə bağlı daha bir elmi əsas türk dillərində "p" və "b" səslərinin çox hallarda bir-birini əvəzləməsidir. Buna dair birinci əsas məhz peçeneqlərin türkdilli və rusdilli tarix əsərlərində bir çox hallarda "beçeneq" kimi işlənməsidir. Bundan başqa, bu cür əvəzləmə orta əsrlərdə bəzi hallarda "p" səsini ifadə edən hərfin mövcud olmadığı ərəb əlifbasında "p" səsinin "ب" ("bə") hərfi ilə yazılmasından irəli gəlmişdir. Məlumdur ki, VIII əsrdən etibarən əksər türk xalqları yazılı ədəbiyyatda ərəb əlifbasından istifadə etmişlər. (Digər dillərdə "p" səsi ilə başlayan müasir xarici adlar belə ərəbcə "ب" ("bə") hərfi ilə yazılır və "b" səsi ilə ifadə edilir., məsələn, Paris "باريس" yazılır, "Bəris" deyilir, Pakistan da həmçinin.) Bundan başqa, "peçoy" sözündə istifadə olunan digər 2 səs — "e" və "ç" səslərini ifadə edən anoloji hərflər də ərəb dilində və əlifbasında mövcud deyil. Digər dillərdə, o cümlədən türk dillərində istifadə olunan "p" səsi ərəb əlifbasında daim "b" səsini ifadə edən "ب" ("bə") hərfi ilə, "ç" səsi bəzən "c" səsini ifadə edən "ج" ("cim") hərfi ilə, "e" səsi əsasən "i" səsini ifadə edən "ي" ("yə") hərfi ilə yazılır. Göründüyü kimi "peçoy" və ya "beçoy" sözünün ərəb əlifbası ilə yazılması da bu sözün yazı dilində çox da mürəkkəb olmayan formada olduğu kimi nitqdə də p-b, e-i və ç-c çevrilməsi ilə "bicoy" kimi işlənməsini şərtləndirə və indiki "Bico" sözünün toponimini formalaşdıra bilər. Özlərini indi də "hunqar" adlandıran macarlardan xeyli uzaqda, elə Azərbaycanın Ağsu rayonunda, Bico kəndindən təxminən 20 km qərbdə Hinqar (Hunqar) adlı kəndin olması "Bico" sözünün etimologiyasının bicoylar və ya peçoylarla bağlılığı versiyasını gücləndirsə də, "peçoy" deyilən bir xalqın sadəcə bir şəhərlə məhdudlaşmasını və digər heç bir qaynaqda bu xalqın adına rast gəlinməməsini nəzərə alaraq, sözügedən versiyanın üzərində dayanılması düzgün hesab edilmir. Məlumdur ki, "Azərbaycan" adı indiki şəklində ilk dəfə ərəb mənbələrində "أذربيجان" — "Azərbican" kimi işlənmişdir. İndi də ərəblər bir çox hallarda "Azərbaycan" sözünü bu cür tələffüz edirlər. "Azərbaycan" adının mənası ilə bağlı bütün tədqiqatçılar bu sözü iki yerə "Azər" və "bican" ("bəycan", "baycan") sözlərinə bölərək izah etmişlər. Bico kəndinin adının "Azərbaycan" sözünə daxil olan "bican" sözü ilə əlaqələndirilməsi ən etibarlı versiyalardan biri sayılmaqla yanaşı, həm də birinci versiya ilə əlaqəli amil kimi götürülür. Rus imperatoru I Pyotrun A. P. Volınskinin başçılığı ilə İrana göndərdiyi elçiliyin 1716–1717-ci illərdə Şamaxıda keçirdiyi görüşlərlə bağlı Şirvan xanının vəzirlərindən olan Bican bəyin adının qeyd edilməsiBax: ЦГАДА (Rusiya Qədim Sənədlərinin Mərkəzi Dövlət Arxivi), ф. СРП, оп.77, 1715–1718, д.2, лл.22–23 — Алиев Ф. М. "Миссия посланника Русского государство А. П. Волынского в Азербайджане". Б., 1979 с.91–98 Şamaxıya yaxın olan, eyni zamanda tarixən bir çox elm, dövlət, din, incəsənət və ədəbiyyat xadimlərinin yetişdiyi Bico kəndinin türk soyuna əsaslanan bu sözlə bağlılığına daha bir əsas verir. Bəhs olunan versiya ilə bağlı Qafqaz Albaniyasının "Kanbeçan" adlı vilayətini də qeyd etmək yerinə düşər. Bico kəndi ərazisindəki "Alpout" yer adları da Albaniya tarixindən qalma etnonimdir. (Türkdilli çuvaşların öz yaranışları haqqında dastanda onların ulu əcdadlarının Qafqaz dağlarının arxasından gəlmiş alpanlar olduğu bildirilir. Türkdilli ölkə olan Qazaxıstanda hazırda da alpan qəbilələrinin yaşaması və "alp" kökündən törəyən bir çox yer adlarının olması məlumdur.)Bax: Q. Qeybullayev "Azərbaycan türklərinin təşəkkül tarixindən", Bakı, 1993, S. 194 Bundan başqa, 19-cu əsrin 80-ci illərində "Kəşkül" qəzetində Azərbaycan milləti ideyasının təbliğinə həsr olunmuş yazıların birində verilmiş aşağıdakı dialoq əsrlər boyu türk məskəni olmuş Bico adının "becan" sözü ilə bağlılığı versiyasını daha da qüvvətləndirir: Soru: — Millətin nədir? Cavab: — Müsəlmanam, həm də türkəm. Soru: — Türkcə danışırsanmı, türksənmi? Cavab: — Türkəm, amma becanlıyam."Azərbaycan tarixi", dərslik, 10-cu sinif, "Maarif" nəşriyyatı, Bakı-1998, 277 s. S.107
Sovet dövrünün bəzi tədqiqatçılarına görə kəndin adı tat dilindəki buc (qoxulu) və ov (su) sözlərindən ibarət olub, kəndin yaxınlığındakı kükürdlü mineral bulaqlar ilə əlaqələndirilir. Bəziləri kəndin adının Azərbaycanın Sasanilər işğalında olduğu dövrdə vergi yığan məmurlar tərəfindən "beco" — "arpasız kənd" adlandırılması ilə bağlayır ki, bu ən zəif rəy hesab edilir.
Qədim Nərgizava yaşayış məskəni Bico kəndi ilə Gəgəli kəndi ərazisində, Gəgəli kəndindən təxminən 2 km cənubi-şərqdə, Bico və Gəgəli kəndinin sakinləri tərəfindən Nərgizava adlandırılan, Bicodərəsi ilə Yasamal adlı qobuluq ərazidə qədim yaşayış məskəni yerləşir. 10 hektardan geniş bir sahəni əhatə edən bu ərazinin böyük bir hissəsi Bico və Gəgəli kəndlərinin (Gəgəli kəndinin əsası 19-cu əsrin 40–50-ci illərində Dəyəli-Gəgəli adlı axtaçı obasının Ağsu və Bico kəndləri arasındakı yazlaq sahəni daimi binə yeri seçməsi ilə qoyulmuşdur) sakinləri tərəfindən uzun müddət əkin məqsədləri üçün şumlandığına görə, abidənin tarixi-mədəni təbəqəsi güclü dağıntıya məruz qalmışdır. Buna baxmayaraq, 1997–2010-cu illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu ekspedisiyası tərəfindən aparılmış genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində ərazinin indiki Gəgəli kəndi ərazisindəki hissəsində aşkarlanmış, e.ə. III–II əsrlərə aid 69 torpaq tipli qəbir, xeyli miqdarda və müxtəlif növdən olan daş, saxsı və metal məmulatları burada qədim və inkişaf etmiş mədəniyyətə malik yaşayış məskəninin mövcud olduğundan xəbər verir. Köçəri həyat tərzi sürmüş bir çox yaşayış məntəqələrindən fərqli olaraq daim oturaq həyat tərzi ilə yaşamış Bico kəndinin əhalisinin əsrlər boyu davam etdirdiyi və qoruyub saxladığı elmi, ədəbi, dini və incəsənət ənənələri bu zəngin mədəniyyətin tamamlayıcısı, tərkib hissəsi və davamı kimi qiymətləndirilir. Nərgizava şəhərinin dağılması 1192-ci ilin dağıdıcı zəlzələsi və 1221-ci ildən başlayan monqol-tatar yürüşləri ilə əlaqələndirilir.
Nərgizava ilə bağlı ekspedisiyasının aparıldığı dövrdə, Şamaxı-Ağsu arxeoloji ekspedisiyası 2010-cu ilin iyul ayında Bico kəndinin ərazisində, kənd sakini, Bico kənd orta məktəbinin direktoru, tarixçi Yaşar Qarayevə məxsus həyətyanı sahədə kəşfiyyat-qazıntı işləri apararaq, 1 metr dərinlikdə torpaq qəbir aşkar etmişdilər. Qəbir kamerasında tapılan skelet torpağın ağırlığından əzilərək dağılmış və bu səbəbdən onun istiqamətini müəyyən etmək mümkün olmamışdı. Skeletin yanından orta ölçülü açıq narıncı rəngli dolça və boz rəngli küp də aşkar edilmişdi. Qəbir kamerasından yuxarı hissədə isə saxsı qab fraqmentləri tapılmışdı. Əldə edilmiş maddi mədəniyyət nümunələri əsasında qəbirin e.ə. II əsrə aid olduğu müəyyənləşdirilmişdir. Kənd ərazisində əvvəllər də dəfələrlə bu cür tapıntıların rast gəlindiyini, lakin bəzən sakinlər, bəzən də aidiyyəti elmi-tədqiqat bölmələri tərəfindən laqeyd münasibəti nəzərə aldıqda, Bico kəndinin yerləşdiyi ərazinin həmin dövrə və ya daha qədim tarixə aid bu cür abidələrlə zəngin olması ehtimalına əsas verir.
Bico 19-cu əsrə aid tarixi mənbələrdə Çar Rusiyası dövrü ilə bağlı tarixi mənbələrdə 19-cu əsrin əvvəllərində Bico kəndi Şirvan əyalətinin Qoşun mahalı tərkibinə daxil olan yeddi kənddən biri kimi göstərilir. Həmin dövrdə bu mahalın tərkibinə Bico ilə yanaşı Qəşəd, Keçdiməz, Ləngəbiz, Hacımanlı, Xatmanlı, Dilmanlı kəndləri daxil edilirdi. Bölgənin aran kəndləri ilə müqayisədə dağların yamacında yerəşən Bico, Keşdiməz, Qəşəd və Ləngəbiz kəndlərinin əhatə etdiyi ərazi insan orqanizminin qaş hisəsinə bənzədildiyi üçün həmin kəndlər silisiləsinə vaxtilə "Qaşkənd" deyilirdi. (Bicodan şərqdə yerləşən indiki Qəşəd kəndinin adının məhz bununla bağlı olduğu ehtimal edilir.) 18–19-cu əsrlərə aid mənbələrdə Biconun adı daha çox Bico xalçaları ilə bağlı məlumatlarda qeyd olunur.
1918-ci il Bico (Pirəmsaq) döyüşü