Göksəl Göksu (; ) — Türk jurnalist və feministi.
1998-ci ildən CNN Türk-də televiziya müxbiri olaraq çalışan Göksu, "Cənub-Şərqin itmiş uşaqları" sənədli filmi, "Silahın ucundakı qadınlar" xəbər serialı, "Hizbullahın dünəni və bu günü", "Ölüm yolunda yezidilər" başlıqlı xəbərləri ilə jurnalistika və televiziya sahəsində bir çox beynəlxalq mükafat laureatı olmuşdur.
O, Türkiyə Jurnalistlər Cəmiyyəti idarə heyətinin üzvü və Qadınlar Komissiyasının koordinatorudur.
Həyatı Göksəl Göksu 1961-ci ildə İstanbulda anadan olub. İstanbul Universiteti Mühəndislik fakültəsinin Geologiya mühəndisliyi sahəsini bitirib.
Öncə Radikal qəzetində müxbir, sonra isə "Rüstəm Batumla 360 dərəcə" verilişində prodüser kimi çalışıb. O, özəl prodüser şirkətində qısametrajlı sənədli filmlər də hazırlayıb.
1999-cu ildən CNN Türk-də televiziya müxbiri kimi çalışan Göksu İstanbulda baş verə biləcək zəlzələrdən qorunmaq üçün hərbi hazırlıqlarından bəhs edən "Zəlzələ batalyonları", 1990-cı illərdə boşaldılan kəndlərdə yaşayanların qayıdışından bəhs edən "Kəndə dönüş" Rəcəb Tayyib Ərdoğanın uşaqlığından baş nazirliyə qədərki dövrdən və Ədalət və İnkişaf Partiyasının yaranmasından bəhs edən "Təkbaşına iqtidar", cinsi istismara məruz qalan uşaqlarla müsahibələrdən ibarət "Səssiz qaranlıq" adlı sənədli filmləri hazırlamışdır.
"İranda qadın", "Silahın ucundakı qadınlar", "Bağır, qonşuların eşitsin", "Biz də qadın hüquqlarını istəyirik" sənədli filmləri zorakılığa məruz qalmış qadınların və iranlı qadınların hekayələrindən bəhs edir.
Göksu 2006-cı ildə CNN Türk-də yayımlanan "Cənub-Şərqin itmiş uşaqları" xəbər serialında Cənub-Şərq bölgəsində qaçırılan və cinayətə sürüklənən uşaqların hekayələrini işıqlandırdı və bu proqrama görə Kəmal Soğukdre ilə birlikdə Sədat Səmavi Televiziya mükafatının xəbər kateqoriyasında laureat oldu.
Qadınlara qarşı zorakılıq mövzusundakı "Silahın ucundakı qadınlar" adlı xəbər serialı 6–8 dekabr 2010-cu il tarixləri arasında yayımlanıb. Bu xəbər serialı Türkiyə Jurnalistlər Cəmiyyəti tərəfindən verilən Jurnalistikada Müvəffəqiyyət mükafatına layiq görülüb.
"Hizbullahın dünəni və bu günü" adlı sənədli filmi 17–22 yanvar 2011-ci il tarixlərində yayımlanıb. Göksu bu xəbərlə Vizual Xəbər kateqoriyasında Mətin Göktəpə Jurnalistika mükafatına layiq görülüb.
2014-cü ildə İŞİD təşkilatından qaçarkən yezidilərin yaşadıqları ağır həyat şərtini "Yezidilər ölüm yolunda" xəbəri ilə ekranlaşdıran Göksu bu xəbərlə Müasir Jurnalistlər Dərnəyi tərəfindən verilən Mahmud Tali Öngörən Televiziya Proqramı mükafatına layiq görülüb.
O, 2016-cı ildə Ünsiyyət Araşdırmaları Dərnəyi tərəfindən "İnsan hüquqlarını pozan bütün aktual hadisələrlə bağlı həssas işinə, irq, cinsi, dil və etnik mənsubiyyətinə, jurnalistikasına hörmət edən dəyərlərinə görə ayrı-seçkilik etmədən həqiqəti təbliğ edən və araşdıran reportyor kimliyinə" görə Hifzi Onur Ünsiyyət Fəxri mükafatına layiq görülüb.
O, Türkiyə Jurnalistlər Cəmiyyəti İdarə Heyətinin üzvü və Qadın Komissiyasının koordinatoru kimi fəaliyyət göstərir.
Mükafatları 2006-cı ildə Sədat Səmavi Televiziya mükafatına layiq görülüb. 2010-cu ildə Jurnalistikada Müvəffəqiyyət mükafatına layiq görülüb. 2011-ci ildə Mətin Göktəpə Jurnalistika mükafatına layiq görülüb. 2013-cü ildə Türk Universiteti Qadınlar Dərnəyinin Lider Qadın mükafatına layiq görülüb. 2014-cü ildə Mahmud Tali Öngörən Televiziya Proqramı mükafatına layiq görülüb. 2014-cü ildə Müasir Jurnalistlər Birliyinin "Televiziya proqramı" mükafatına layiq görülüb. 2016-cı ildə Hifzi Onur Ünsiyyət Fəxri mükafatına layiq görülüb.
İstinadlar
Kateqoriya:Türk feministlər Kateqoriya:Türk jurnalistlər