Zülfüqarovun mədrəsəsi və ya Zülfüqarovun mollaxanası — Şəki şəhərində yerləşən 1911-ci ilə aid tarixi-memarlıq abidəsi.
Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci ildə verdiyi 338 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Tarixi Zülfüqarovun mədrəsəsi 1911-ci ildə Şəki şəhərində tacir Zülfüqarov tərəfindən tikdirilib. Mədrəsənin tikilmə tarixi binaya əsas giriş qapısının sağ və sol tərəfində daş lövhələrdə hicri və miladi təqvim ilə həkk olunub.
Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra Zülfüqarovların mülkləri müsadirə olunub. Sonrakı illərdə mədrəsənin binasından bank binası, idman, peşə, musiqi məktəbi və ziyalılar evi kimi istifadə olunub.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bina özəl mülkiyyətə qaytarılıb. Hazırda qəzalı vəziyyətdədir.
2001-ci ildən binanın yerləşdiyi Şəki şəhərinin tarixi hissəsi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub.
Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci ildə verdiyi 338 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Memarlıq xüsusiyyətləri Mədrəsə Şəki memarlıq məktəbinin ənənəvi üslubunda tikilib. Mailli relyefdə inşa edildiyi üçün ön fasadda üç, arxa fasadda isə iki mərtəbəlidir. Binaya giriş-çıxışın birbaşa küçəyə açılmaması üçün əsas giriş qapısı şimal fasadı ilə qərb fasadının kəsişməsində, relyefin maili olması səbəbiylə ikinci mərtəbə səviyyəsində yerləşir. Binanın fasadı Şəki şəbəkələrindən və oyma naxışlardan ibarət bəzəklərə malikdir. Fasadın bəzəklərində istifadə olunan naxışlar həm dini, həm də dünyəvi motivləri əks etdirir. Binanın interyeri də Şəki memarlıq məktəbinin ənənəvi üslubunda tərtib edilib. Otaqlar geniş və işıqlıdır. Tavanlar taxtadandır, divarlar isə əhənglə suvanıb. Otaqların bəzilərində divar rəsmləri və naxışlar da mövcuddur. Plan quruluşu sadə və funksionaldır. 485 m² sahəsi olan mədrəsə binasının planlaşdırılması iki cərgədə yerləşdirilmiş otaqlar və mərkəzi hissədə yerləşən dəhliz vasitəsilə həll edilib. Birinci və ikinci mərtəbələrin plan quruluşu demək olar ki, oxşardır. Üçüncü mərtəbədə isə geniş zalın alınması üçün dəhliz divarının bir tərəfi götürülmüş, plan quruluşunda bəzi dəyişikliklər edilmişdir.
Həmçinin bax Hacı Zülqədər Zülfüqarovun evi
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Şəkidəki binalar və tikililər Kateqoriya:Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu Kateqoriya:1911-ci ildə tamamlanmış binalar və tikililər