Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti () — Azərbaycan SSR Ali Sovetinin sessiyalararası dövrdə ali dövlət hakimiyyəti funksiyalarını həyata keçirən kollegial orqanı. 1938-ci ildə fəaliyyətə başlamış və 1990-cı ilədək dövlət idarəçiliyinin müxtəlif sahələrində geniş səlahiyyətlərə malik olmuşdur. Rəyasət Heyətinin səlahiyyətlərinə Ali Sovetin sessiyalarının çağırılması, qanunların şərh edilməsi, konstitusiyaya əməl olunmasına nəzarət, dövlət idarəetmə orqanlarının fəaliyyətinə nəzarət, seçkilərin təyin edilməsi, referendumların keçirilməsi, fərmanların qəbul edilməsi, həmçinin vətəndaşlıq, əfv və dövlət təltifləri ilə bağlı məsələlərin həlli daxil olmuşdur.
18 may 1990-cı ildə Azərbaycan SSR Prezidenti vəzifəsinin təsis edilməsindən sonra Rəyasət Heyətinin səlahiyyətlərinin böyük hissəsi prezident və Ali Sovet arasında bölüşdürülmüşdür. Bundan sonra Rəyasət Heyətinin fəaliyyəti, əsasən, Ali Sovetin işinin təşkili və daimi komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi ilə məhdudlaşmışdır.
Tarixi 14 mart 1937-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi ilə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi fəaliyyətini dayandırmış və onun əsasında Azərbaycan SSR Ali Soveti yaradılmışdır. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1938-ci ildə fəaliyyətə başlamış və ilk illərdə Azərbaycan SSR Baş Sovetinin Prezidiumu adlanmışdır.
Rəyasət Heyətinin tərkibi müxtəlif dövrlərdə dəyişmişdir. İlk dövrlərdə Ali Sovetin deputatları arasından sədr, 2 müavin, katib və 15 üzv seçilirdi. 1978-ci il konstitusiyasına əsasən isə Rəyasət Heyəti sədr, 3 müavin, katib və 16 üzvdən ibarət olmuşdur. Rəyasət Heyətinin tərkibi Ali Sovetin hər çağırışının ilk iclasında seçilirdi. 25 mart 1992-ci ildə Rəyasət Heyətinin tərkibi yenidən müəyyənləşdirilmiş, onun tərkibinə Ali Sovet sədrinin birinci müavini, üç müavini (Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri də daxil olmaqla) və daimi komissiyaların sədrləri daxil olmuşdur.
Səlahiyyətləri
1990-cı ilədək 1990-cı ilədək Rəyasət Heyətinin səlahiyyətləri geniş olmuşdur. Onlardan bir qismi hazırda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri ilə üst-üstə düşür. Azərbaycan SSR Konstitusiyasına (1978) əsasən Rəyasət Heyətinin səlahiyyətlərinə aşağıdakılar daxil olmuşdur:
Azərbaycan SSR Ali Sovetinin sessiyalarının çağırılması, daimi komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi; Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə, habelə rayon (şəhər) xalq məhkəmələrinə seçkilərin təyin edilməsi; Azərbaycan SSR Konstitusiyasına əməl olunmasına nəzarət edilməsi, eləcə də Naxçıvan MSSR Konstitusiyasının və qanunlarının Azərbaycan SSR Konstitusiyasına və qanunlarına uyğunluğunun təmin edilməsi; Yerli xalq deputatları sovetlərinin fəaliyyətinə rəhbərlik edilməsi; İnzibati ərazi quruluşu məsələlərinin həlli qaydasının müəyyənləşdirilməsi, inzibati-ərazi vahidlərinin tabeliyinin müəyyən edilməsi, yaşayış məntəqələri adlarının dəyişdirilməsi; Respublikanın qüvvədə olan qanunlarının şərh edilməsi; Ümumxalq səsverməsinin (referendum) keçirilməsi; Azərbaycan SSR Nazirlər Sovetinin, Naxçıvan MSSR Nazirlər Sovetinin, rayon və şəhər xalq (zəhmətkeş) deputatları sovetlərinin qərar və sərəncamlarının qanunamüvafiq olmadığı hallarda ləğv edilməsi; Azərbaycan SSR fəxri adlarının təsis edilməsi və verilməsi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmə, habelə həmin mükafatlardan məhrum edilmə; Azərbaycan SSR vətəndaşlığına qəbul edilmə və sığınacaq vermə məsələlərinin həll edilməsi; Amnistiya haqqında aktların qəbul edilməsi, məhkəmə orqanları tərəfindən məhkum edilmiş vətəndaşların bağışlanma hüququnun həyata keçirilməsi; Azərbaycan SSR-in xarici dövlətlərdə və beynəlxalq təşkilatlar nəzdində olan diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması; Azərbaycan SSR Dövlət himninin təsdiq edilməsi; Müxtəlif məsələlər üzrə fərmanların verilməsi, Azərbaycan SSR Konstitusiyasının və qanunlarının müəyyən etdiyi başqa səlahiyyətin həyata keçirilməsi.
Ali Sovetin sessiyaları arasındakı dövrdə Ali Sovetin təsdiqinə verilməklə həll etdiyi məsələlər:
Azərbaycan SSR-in qüvvədə olan qanunvericilik aktlarında, lazım gəldikdə, dəyişikliklərin edilməsi; Naxçıvan MSSR-in sərhəd dəyişikliklərinin təsdiq edilməsi, respublika tabeliyində olan rayonların və şəhərlərin təşkil edilməsi; Azərbaycan SSR Nazirlər Sovetinin təklifi ilə Azərbaycan SSR nazirliklərinin və dövlət komitələrinin yaradılması və ləğv edilməsi; Azərbaycan SSR Nazirlər Sovetinin tərkibinə daxil olan ayrı-ayrı şəxslərin Azərbaycan SSR Nazirlər Soveti sədrinin təqdimatı ilə vəzifəyə təyin edilməsi və azad olunması.
1990-cı ildən sonra 18 may 1990-cı ildə Azərbaycan SSR Prezidenti vəzifəsinin təsis edilməsi və Azərbaycan SSR Konstitusiyasına dəyişikliklərin və əlavələrin edilməsi nəticəsində Rəyasət Heyətinin fəaliyyət istiqaməti əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, Rəyasət Heyətinin sədri və sədr müavinləri vəzifələri ləğv edilmiş, səlahiyyətlərinin böyük əksəriyyəti isə Azərbaycan SSR Prezidenti ilə Azərbaycan SSR Ali Soveti arasında bölüşdürülmüşdür. Konstitusiya dəyişikliyindən sonra Rəyasət Heyətinin tərkibi Azərbaycan SSR Ali Soveti sədrinin müavinlərindən və Azərbaycan SSR Ali Soveti daimi komissiyalarının sədrlərindən ibarət olmuşdur.
Həmin dövrdən etibarən Rəyasət Heyətinin səlahiyyətlərinə Ali Sovetin sessiya iclaslarının hazırlanması və təşkil edilməsi, Ali Sovetin daimi komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi, ümumxalq səsverməsinin (referendumun), Azərbaycan SSR-in qanun layihələrinin və digər mühüm məsələlər üzrə ümumxalq müzakirələrinin hazırlanması və təşkil edilməsi, eləcə də Azərbaycan SSR qanunlarının, Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan SSR Prezidentinin qəbul etdiyi aktların dərc olunmasının təmin edilməsi daxil olmuşdur.
5 fevral 1991-ci ildə Azərbaycan dövlətinin Azərbaycan Respublikası olaraq adlandırılmasından sonra Rəyasət Heyəti də Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti kimi fəaliyyətini davam etdirmişdir. Həmin tarixdə qəbul edilmiş müvəqqəti reqlamentə əsasən Rəyasət Heyətinin səlahiyyətlərinə Ali Sovetin sessiyalarının hazırlanması, daimi komissiyaların fəaliyyətinin əlaqələndirilməsi, referendumların və qanun layihələrinin ümumxalq müzakirələrinin təşkil edilməsi, Ali Sovetin qərarlarının icrasına, deputatların irəli sürdükləri təkliflərə baxılmasına və onların həyata keçirilməsinə nəzarət, həmçinin qanunların və Ali Sovetin qəbul etdiyi digər aktların dərc olunmasının təmin edilməsi daxil olmuşdur.
Rəyasət Heyəti qanun layihələrini müvafiq daimi komissiyalara göndərmək, zərurət yarandıqda daimi və müvəqqəti komissiyalar təşkil etmək, qərarlar, müraciətlər, bəyannamələr və bəyanatlar qəbul etmək, həmçinin Ali Sovet Katibliyinin xərclər smetasını təsdiq etmək səlahiyyətinə malik olmuşdur. Rəyasət Heyətinin iclasları üzvlərinin azı üçdə ikisinin iştirakı ilə səlahiyyətli sayılmış, qərarlar isə ümumi tərkibin səs çoxluğu ilə qəbul edilmişdir.
Sədrlər ŞəkilAdı, soyadıSəlahiyyətin başlanğıcıSəlahiyyətin sonuPartiyaAzərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədrləri1105x105pxMir Bəşir Qasımov (1879–1949)21 iyul 193823 aprel 1949ÜİK(b)P2105x105pxNəzər Heydərov (1896–1968)18 may 19499 mart 1954Sov.İKP3105x105pxMirzə İbrahimov (1911–1993)9 mart 195423 yanvar 1958Sov.İKP4105x105pxİlyas Abdullayev (1913–1985)23 yanvar 195825 noyabr 1959Sov.İKP5105x105pxSəftər Cəfərov (1900–1961)25 noyabr 195916 noyabr 1961Sov.İKP6105x105pxMəmməd İsgəndərov (1914–1985)29 dekabr 196125 dekabr 1969Sov.İKP7105x105pxQurban Xəlilov (1906–2000)25 dekabr 196930 dekabr 1985Sov.İKP8105x105pxSüleyman Tatlıyev (1925–2014)30 dekabr 198522 iyun 1989Sov.İKP9105x105pxElmira Qafarova (1934–1993)22 iyun 198918 may 1990Sov.İKP
İstinadlar
Kateqoriya:Azərbaycan Sovet Sosialist Respublikası Kateqoriya:1937-ci ildə Azərbaycanda yarananlar