Siyahim Əlizamin oğlu Dəmirov () — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Şuşanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı Siyahim Əlizamin oğlu Dəmirov 1990-cı il, sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub.

2008-ci ildə Beyləqan rayonu Əlinəzərlı kənd R. Nəsirov adına 1 nömrəli tam orta məktəbindən məzun olub.

2009-cu ildə Neftçala Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2009–2010-cu illərdə cəbhə bölgəsində, N saylı hərbi hissədə xidmət edib.

2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "MAHHXHQ və QHQ hazırlığı kursu"nu bitirib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 19 aprel 2019-cu il tarixli əmri ilə "K/gizir" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 6 il ərzində artilleriya divizionunda artilleriya taqım komandirinin müavini — top komandiri, hərbi hissənin xüsusi təyinatlı dəstəsinin minaatan manqasının heyət nəfəri, xüsusi təyinatlı taqımın atəş dəstək manqasının minaatan qrupunun komandiri — tuşlayıcı vəzifələrində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı" ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən xüsusi əməliyyata, həmçinin Hadrutun və Şuşanın uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 29-da Şuşa şəhəri istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. Beyləqan rayonunun Əlinəzərli kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şücaətə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Subay idi.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar