Rufiz Şirzad oğlu Budaqov () — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi.

Tərcümeyi–halı Rufiz Şirzad oğlu Budaqov 12 iyul 1977-ci ildə Ordubad rayonunun Tivi qəsəbəsində anadan olub. 1984–1994-cü illərdə Tivi kənd tam orta məktəbində təhsil alıb.

1995-ci ilin iyulunda Ordubad Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 1995–1997-ci illərdə "N" saylı hərbi hissədə xidmət edib.

1998-ci ilin martında Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Gizir Hazırlığı Kursu"na qatılıb. Müdafiə Nazirliyinin əmri ilə "gizir" hərbi rütbəsi verilib və N saylı hərbi hissəsində tankçı olaraq xidmətə başlayıb. iyun 2004-cü ildə səhhətində yaranan problemə görə təqaüdə göndərilib. Tam müalicədən sonra iyun 2012-ci ildə yenidən hərbi xidmətə qayıdıb.

2016-cı ilin 2–5 aprelində Azərbaycan və Ermənistan arasında baş verən Aprel döyüşləri zamanı cəbhənin Goranboy–Tərtər istiqamətlərində gedən hərbi əməliyyatlar zamanı döyüş tapşırığının icrasında fərqlənib.

2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı da fərqlənib. 29 sentyabr 2020-ci ildə Madagiz istiqamətində şəhid olub. 2 saylı Fəxri Xiyabanda dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq ölümündən sonra "Qarabağ" ordeni ilə, həmçinin "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə, həmçinin fəxri fərmanlarla da təltif edilib.

Evli idi, 1 oğlu və 2 qızı var.

İstinadlar

Kateqoriya:Aprel döyüşləri iştirakçıları Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar