Elxanilərin Qarabağ dirhəmi — Elxanilər dövləti dövründə Qarabağda zərb edilmiş gümüş dirhəm. Ümumi məlumat AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda Elxanilər dövrünə (1256–1358) aid materiallar arasında hicri 750-ci ilə (miladi 1349) aid Qarabağda zərb olunmuş gümüş dirhəm saxlanılır. Səciyyəvi xüsusiyyətləri 1,18 qram çəkisi olan gümüş dirhəmin ön tərəfində ellipsvari kartuşda üç sətirlik yazı mövcuddur: I sətirdə ərəbcə: "sultan", II sətirdə uyğurca: "Ənuşirvan", III sətirdə: "hakimiyyəti davamlı olsun". Kartuşun kənarında isə ərəbcə belə yazılmışdır: "Qarabağda zərb edilib, yeddi yüz əllinci ildə". Arxa tərəfində mərkəzdə yerləşən dördbucaqlı kartuşda isə bu yazılar yer alır: "Allahdan başqa ilah yoxdur, Məhəmməd Allahın rəsuludur". Kartuş ətrafında isə dörd xəlifənin adları zərb olunmuşdur: "Əbubəkr", "Ömər", "Osman", "Əli". İstehsal yerləri və dövriyyəsi Ənuşirvanın (745–756 hicri = 1344–1356 miladi) hakimiyyəti dövründə zərb edilmiş bu dirhəmdə şəhər adı deyil, inzibati ərazi adı — Qarabağ göstərilmişdir. Bu, həmin dövrdə Bərdə, Gəncə, Beyləqan kimi strateji və hərbi əhəmiyyətli şəhərlərdə fəaliyyət göstərən zərbxanaların mövcudluğunu ehtimal etməyə əsas verir. Ənuşirvan dövründə gümüş dirhəmlərin ilkin çəkisi 1,43 qram olsa da, hakimiyyətinin son illərində bu göstərici 0,87 qramadək azalmışdır. Bu, Elxanilərin qonşu dövlətlərlə apardığı uzunmüddətli müharibələr, daxili siyasi çaxnaşmalar, təsərrüfat həyatının və istehsal gücünün zəifləməsi ilə izah olunur. Numizmatik mənbələrə görə, hicri 757-ci ildən (1356) etibarən Ənuşirvanın adından gümüş dirhəmlərin zərbi dayandırılmışdır. Növbəti ildə Qızıl Orda xanı Cani bəy (1341–1357) Elxanilər dövlətindəki siyasi qeyri-sabitlikdən istifadə edərək Azərbaycana hücum etmişdir. Elxani xanı Məlik Əşrəf (1344–1357) Xoy şəhərində yaralanmış, az sonra Ənuşirvan da vəfat etmişdir. Elxanilər dövründə Qarabağ dirhəmləri ilə yanaşı, Azərbaycanın müxtəlif şəhərlərində də (məsələn: Təbriz, Qəzvin, Ərdəbil, Şirvan, Marağa, Naxçıvan, Şərur, Tovuz, Şabran, İrəvan, Ani, Həmədan, Bərdə, Gəncə, Beyləqan, Biləsuvar, Gəştaspi, Tiflis və b.) gümüş dirhəmlər zərb edilmişdir. Eyni dövrdə həmçinin anonim dirhəmlər, qızıl dinarlar və mis felslər də istehsal olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan sikkələri