Sadıq bəy Sadiqi () — sərkərdə, təzkirəçi, şair, miniatür rəssam.
XVI əsrin ikinci yarısı- XVII əsrində əvvəllərində yaşayıb yaratmış Sadiq bəy Sadiqi I Şah İsmayıl hakimiyyətə gəldiyi zaman Şamdan öz istəyi ilə ona qoşulmağa gələn Xüdabəndəlü adlı türk-oğuz elinə mənsubdur. Sadiq bəy külliyatının əvvəlində öz Xüdabəndəlü tayfası barədə məlumat vermişdir.
Sadiq bəy Əfşar həm rəssam həm şair həm kitabdar həm də sərkərdə kimi tanınmışdır. Atası tayfanın nüfuzlu şəxslərindən olduğu üçün hələ gənclik illərində Hafizi Sabunidən, daha sonra isə Fəzai Həmədanidən şeir təhsili almışdır. Şeirlərini fars dili ilə yanaşı Azərbaycan, Çağatay və Osmanlı türkcəsində yazan şairin günümüzə külliyyatı gəlib çıxmışdır. Külliyatına 10 ədəd əsər daxildir. Bunlara Məcməül-Xəvas, Qanun üs-Süvər, Fəthnameyi Abbase-namidar və s. misal göstərmək olar.
Sadiq bəy həmçinin mükəmməl rəsm təhsili almış, Qəzvində yaşadığı illərdə isə rəssamlıqla məşğul olaraq bu elmi tədris etmişdir. İsgəndər bəy Münşi Tarixi aləmarayi-Abbasi əsərində qeyd edir ki, Sadiq bəyin müəllimi məşhur rəssam Müzəffər Əli olmuşdur. Sadiq bəyin günümüzdə 4 ədəd imzalı portreti aşkar edilib.
Həyatı Qaynaqlarda sərkərdə, dərviş, təzkirəçi, şair, nəqqaş və saray kitabdarı kimi adından söz edilən Sadiq bəy hicri 940-cı ildə (miladi 1533-1534) Səfəvi dövlətinin paytaxtı Təbriz şəhərinin Vicuyə məhəllləsində anadan olmuşdur. Əsl adı Sadiqdir. Sadiqi isə təxəllüsüdür. Mənbələrdə bəzən Sadiqi Geylani, Sadiqi Kitabdar, Sadiq bəy Sadiqi adlarına da rast gəlmək mümkündür. İsgəndər bəy Münşi və Qazi Əhməd Qumi əsərlərində ondan Sadiq bəy Əfşar kimi bəhs edirlər. Atası Şah İsmayıl meydana çıxan zaman öz istəkləri ilə Şamdan İraq və Azərbaycana gəlib burada yaşayan Xüdabəndi boyunun nüfuzlu şəxslərindən idi.Sadiq bəy külliyatının əvvəlində öz mənşəyi barədə yazır:
“Mən həqir Xüdabəndəlü adı ilə məşhurlaşmış və tanınmış türk tayfasındanam. Onlar ədalətli şahın ölkə tutmağa və dünyanı almağa başladığı ilk günlərdə tabelik bildirmək və yardım etmək üçün Şam diyarından Aləmin sığındığı dərgaha üz qoymuşlar.” Mənbələrdə atasının adına rast gəlinməsə də tayfa daxilində güclü nüfuza malik varlı şəxslərdən biri olduğu məlumdur. Bu səbəbdən Sadiq bəy uşaqlıq və gənclik illərində dövrün tanınmış alim və sənətkarlarının şagirdi olmuşdu. 20 yaşına çatdıqda təqribən 1553-cü ildə Sadiq bəyin atası öldürülür. Atasının qətlindən sonra ona himayədarlıq edəcək bir şəxs olmadığı üçün Sadiq bəy el-obasını tərk edərək qələndər və dərvişlərə qoşulur. Müəllifin “Məcməül-Xəvas” əsərində həyatı barədə verdiyi məlumatlardan anlaşılır ki, o qələndərilər ilə yaşadığı illərdə Hələb, Bağdad, Nəcəf, Kərbala, Gilan, Lahican, Astrabad, Həmədan kimi bir sıra Səfəvi və Osmanlı şəhərlərini gəzmişdir. Məsələn əsərində Anadolunu şeir üstadı kimi bəhs etdiyi Baki ilə yaxşı bir dostluq münasibəti qurmuşdu. Baki 1556-1560-cı illərdə Hələbdə qazi naibi kimi çalışdığı üçün , Sadiq bəyin məhz bu illər ərzində Hələbə səfər etdiyi düşünülür. O əsərində Bağdadda Qivaməddin Bağdadi ilə, Nəcəf və Kərabalada isə Qılınc bəy ilə görüşündən bəhs etmişdir. Sadiqinin bu şəhərlərdə nə qədər yaşadığı bilinmir. İsgəndər bəy Münşi yazır ki, bir müddət qələndərilər ilə yaşadıqdan və gəzdikdən sonra Həmədan hakimi Əmir Xan Sadiq bəyin bu vəziyyətindən xəbər tutur. O Sadiq bəyi qələndər və dərvişlərdən uzaqlaşdırıb öz himayəsinə götürür. II Şah İsmayıl dövründə (1576-1577) Qəzvində saray kitabxanasında işlədiyi qeyd edilən Sadiqi Sultan Məhəmməd Xüdabəndənin (1578-1587) dövründə paytaxtı tərk edərək əvvəlcə İsgəndər xan Əfşarın sonra isə Bədir xan Əfşarın himayəsində çalışır. 1581-ci ildə Astarabad döyüşündə hələ də cəsur döyüşçü olduğunu sübut edən Sadiq bəy, döyüşdən sonra Yəzdə gedərək bir müddət Xacə Qiyas-ı Nəqşbəndin yanında işləyir. 1587-ci ildə I Şah Abbas taxta çıxdıqdan sonra Qəzvinə qayıdan Sadiq bəyə tezliklə yenidən kitabdar vəzifəsi verildi. Həmin illərdə Sadiqinin xəttat Əli Rıza Təbrizi ilə yaşadığı rəqabətə diqqət çəkən Qazıyev, Sadiqinin bu vəzifəni 1592-1598-ci illər arasında yerinə yetirdiyini bildirir. Səfəvi tarixçilərindən Cəlaləddin Məhəmməd Yəzdi “Tarix-i Abbasi” adlı əsərində Sadiq bəyin 1598-ci ildə kitabdar vəzifəsində olmadığını qeyd edir. Lakin onun ömrünün sonuna kimi məvacib almağa davam etdiyi qeyd olunur. Cambridge history of Iran adlı əsərin Teymurilər və Səfəvilər dövrlərindən bəhs edən altıncı cildində Sadiq Bəy Əfşarın kitabdar təyin olunduğu tarix hicri 995-ci il (miladi 1587) kimi göstərilir.
thumb|300px|Simurqun körpə Zalı Qaf dağına aparması|leftTürkcə yazdığı məktublardan ömrünün son illərində xəstə olduğu anlaşılan şairin ölüm tarixi tarixşünaslıqda müzakirə məsələsidir. Müzakirələrin əsas səbəbi Peterburq Şərqşünaslıq İnstitutunda qorunan Teymur xan türkmən portretinə Muin Müsəvvirin yazdığı qeydin iki fərqli oxunuşdan keçməsidir. “Bu, mərhum Sadıqi bəy Əfşarın 102-ci ildə çəkdiyi mərhum Teymur xan Türkmənin portretidir və mən Muin Müsəvvir onu 1095-ci ildə tamamlamışam”. Sadiqinin yarımçıq qoyduğu əsərin Muin Müsəvvir tərəfindən 1095/1683-cü ildə tamamlandığını göstərən bu qeyddə 1002 tarixini ilk əsərində 1020 kimi şərh edən Qazıyev, rəssamın 1020/1612-1024/1616 illər arasında vəfat etdiyini bildirmişdir. Bir neçə il sonra nəşr etdiyi ikinci araşdırmasında yeni tədqiqatlar nəticəsində bu tarixin 1002/1594 kimi oxunması lazım olduğunu qeyd etmişdir. M. Muradova özünün "Sadiq bəy Sadiqinin təvəllüdü və ölümü haqqında" adlı məqaləsində şairin günümüzə qədər çatmış əsərlərindəki tərcümeyi-hal səciyyəli qısa məlumatına əsasən, şairin 1609-cu ildə 77 yaşında vəfat etdiyini yazmışdır. Valih-i Dağistaninin tərcümeyi-hallarında "Riyazü'ş-Şüarə" adlı əsərindəki məlumatlara əsaslanan bütün tədiqatlarda Sadiqinin vəfat tarixi 1018/1609-10-cu il kimi göstərilib. Lakin onun təxminən hicri 1022/1614-cü ildə vəfat etdiyini bildirən Taqi Övhədinin yazdığı “Ərəfatü’l-Arifin” kimi mənbələr də vardır.
Yaradıcılığı
Şair kimi Günümüzdə Sadiq bəy Əfşarın daha çox şair və sənətkar keyfiyyətləri ilə xatırlandığını söyləmək mümkündür. Onun çağdaşı olan təzkirəçi və tarixçilər Sadiq bəyin poetik istedadını yüksək qiymətləndirirlər. “Məcməül-Xəvas” əsərində yazdığına görə o, gənclik illərində Hafizi Sabunidən, daha sonra isə Fəzai Həmədanidən şeir təhsili almışdır. Sadiq bəyin şeir sənətindəki ən mühüm müəllimi, şübhəsiz ki, Nişapurlu Mir Suni olmuşdur. Müəllimini dərviş təbiətli, ibadətə düşkün biri kimi xatırlayan Sadiq bəy üç il Təbrizdə dərs aldığı bu şəxsin 90 yaşlarında olduğunu bildirir. Bu məlumatlara əsaslanaraq, amerikan professor Antoni Velçin fikrincə, Sadiqinin Mir Sunidən təhsil aldığı illər təqribən 1565-1568-ci illərə təsadüf edir. Qazi Əhməd Qumi də əsərində Suninin 1568-ci ildə vəfat etdiyini bildirir.
Yaşadığı dövrdə qəzəl, qəsidə, qəsidə, rübai, müxəmməs, məsnəvi və s. şeirləri bəyənilən Sadiq bəy Sadiqi həm türkcə, həm də farsca üç fərqli ləhcədə şeirlər yazmışdır. Şair "Sadiqi" təxəllüsü ilə tanınırdı. Şairin Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”sinin türkcəyə tərcüməsi ilə bağlı yazdığı məktubu bu baxımdan çox əhəmiyyətlidir. Məktubda deyilir ki, I Şah Abbas ondan “Məsnəvi”ni türkcəyə çevirməyi xahiş etdikdə, o əsəri Çağatay, Azərbaycan və Osmanlı ləhcələrinə uyğun hazırlayıb şaha təqdim etmişdi.
Sadiqinin şairlik istedadını göstərən digər mühüm məqam isə vəzifədən getdikdən sonra xəlvətə çəkilərək yazdığı və 1010/1602-ci ildə tamamladığı külliyatıdır. Müəllif nüsxəsi Təbriz Milli Kitabxanasında 3616 nömrədə mühafizə edilən küliiyat şairin mənzum və mənsur şəkildə qələmə aldığı əsərlərdən ibarətdir. Bu əlyazmaya daxil olan əsərlər sonradan yazılaraq əlavə edilmiş mündəricatda aşağıdakı kimi təqdim edilir: Qəsidələr (Zübtədül-kəlam) Qəzəllər Müxtəlif şeirlər Şairlərin təzkirəsi (Məcməül-xəvas) Rübailər Məqalə və mənzum hekayələr Şairlər adına deyilmiş müəmmalar “Fəthnamə” məsnəvisi Şairlər təzkirəsinin ardı Türk dilində yazılmış qəsidə və qəzəllər Feyzi şeirləri haqqında risalə “Qanunüs-süvər” - rəssamlıq haqqında risalə “Həzziyat” risaləsi Mərsiyə və tərkibənd Tərkibbənd - əlifba sırası ilə Tərcibənd Heydərinin həcvi Münşəat - türk və fars dillərində Fələkdən şikayət və Məhəmməd bəy Məzaqinin həcvi Müxtəlif həcvlər Məcməül-Xəvas. Sadiqinin yaradıcılığının ən əhəmiyyətli əsərlərindən biri olan Məcməl-Xəvas təzkirəsi ədəbiyyat, elm və ədəbi fikir tarixinin öyrənilməsində mühüm rol oynayır. Təzkirə 1597-1598-ci illərdə yazılmışdır. Əsər Osmanlı torpaqlarından tutmuş, bugünkü İran, Azərbaycan, Orta Asiya, Əfqanıstan, Pakistan, Hindistana qədər böyük bir ərazinin konkret zaman çərçivəsində (I Şah İsmayıl dövründən müəllifin həyatda olduğu zamana qədər) ədəbi və ictimai-siyasi mühitini əks etdirir. Şairin özünün də qeyd etdyi kimi bu əsər müəllifin uzun müddətli səyahətlərinin, müşahidələrinin məhsuludur. Sadiq bəy “Məcməül-Xəvas” əsərinin müqəddiməsində özünə nümunə götürdüyü Əbdürrəhman Caminin “Baharistan”, Əlişir Nəvainin “Məcalisün-Nəfais”, Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” və Sam Mirzənin “Töhfeyi Sami” təzkirələrinin adlarını çəkmişdir. Təzkirə müqəddimə, 8 məcmə və xatimədən ibarətdir.thumb|397x397px|Əmirin portreti Sadiq bəyin Azərbaycan dilində yazdığı "Məcməül-xəvas" adlı təzkirəsində isə Səfəvilər dövründə fəaliyyət göstərmiş 480 şair, rəssam və xəttat haqqında qiymətli materiallar toplanmışdır. Əsər həm Azərbaycan, həm də fars mədəniyyət və incəsənətinin tədqiqi üzrə önəmli mənbələrdəndir. Əsər bu yaxınlarda fars dilinə tərcümə olunmuş, Tehranda nəşr edilmişdir.
Fəthnameyi Abbase-namidar. Bu əsər Şah abbasın həyat və fəaliyyətinə, yürüş və döyüşlərinə həsr edilmişdir. Təqribən 2500 beytdən ibarət olan əsərdə tərcümeyi-hal və tarixi səciyyəli çoxlu qiymətli məlumat verilmişdir. Müəllif müxtəlif tarixi hadisələri, döyüşləri yüksək bədii formada, təşbih və istiarələrin köməyi ilə təsvir edir, Şah Abbasın qəhrəman obrazını yaradır.
Sadiq bəy Əfşarın türkcə yazdığı əsərlərinə Məcməül-xəvasdan başqa külliyatına daxil edilmiş məktublarını (18 məktubdan 14-ü ana dilindədir) göstərmək olar. Şairin türkcə şeirləri Təbriz Milli Kitabxanasında saxlanılan əlyazma külliyatının 888-917-ci səhifələrini əhatə edir. Bundan başqa Sadiqinin həm təzkirəsində həm də məktublarında da türkcə şeirlərə rast gəlmək mümkündür.
Sadiq bəy Əfşarın 478 beytdən ibarət türkcə şeirlər toplusuna 5 qəsidə, 40 qəzəl, 1 saqinamə, Şah Abbasa mürciətən məsnəvi formasında yazılmış 1 şeir, 1 tərkibbənd və 1 qitə daxil edilib. 1-ci qəsidədə şair obrazlı şəkildə alleqoriyadan istifadə etməklə havaların soyumasını, qışın gəlişini təsvir edib. 43 beytlik bu qəsidə ədəbiyyatımızda qışın təsvirinə həsr olunmuş ən uğurlu şitaiyyə qəsidələrdən biridir. İkinci qəsidə Həzrəti Əlinin mədhinə hərs olunub. Üçüncü qəsidə isə şairin qürbətdə olduğu zamanı yazdığı şərhi-haldır. Dördüncü qəsidə Şah Abbasın mədhi, beşinci qəsidə isə təbiətin gözəllikləri haqqındadır.
Sadiq bəyin türkcə şeirlər toplusuna daxil edilmiş qəzəllər onun lirik yaradıcılığının tədqiq baxımından böyük əhəmiyyətə malikdir. Məhəbbət mövzusu, dostluğun tərənnümü, insan taleyi ilə bağlı düşüncələr, təbiət mənzərələrinin təsviri bu şeirlərin əsas mövzusudur.
“Vida” rədifli qəzəlində şair yarından ayrılan aşiqin kədərini səmimi bir dillə ifadə etmişdir:
Qıldı həngami- səfər sərvi-xuramanım vida Vəqtidür qılsa təni-dilxəstəni canım vida..
“Gedərin” rədifli qəzəli də Sadiqinin hicran qəminin ağrısına həsr edilmiş şeirlərindən biridir:
Qəmi-fərqaın ilə dərdnak olub gedərin,
Nə dərdnak ki, qəmdin həlak olub gedərin. “Yegdür” rədifli qəzəlində şair dövrünün sərt ifadələrlə tənqid edir. “Əgər dünya budursa, elə bizim evsiz- eşiksiz olmağımız ” yaxşıdır deyir.
Sadiq bəyin yaradıcılığında Nəvai və Füzuli yaradıcılığının təsiri nəzərə çarpacaq dərəcədədir. Sadiq bəyin şeirlərində Nəvai poeziyasının təsirindən danışan C.Nağıyeva yazır: