Rafiq Hüseyn oğlu Əlizadə (19 fevral 1949, Bakı, Azərbaycan SSR, SSRİ – 7 yanvar 2021, Moskva, Rusiya) — sovet və Azərbaycan futbolçusu və məşqçisi, SSRİ idman ustası, Rusiya əməkdar məşqçisi. Hücumçu mövqeyində çıxış edib.
Həyatı Futbol Rafiq Əlizadə "Neftçi" komandasının Olimpiya Ehtiyatları Respublika Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Karyerasını 1966-cı ildə Bakının "Lokomotiv" komandasında başlayıb. Elə həmin il Bakının digər təmsilçisi "Neftçi"yə keçib. "Neftçi"nin heyətində ilk görüşünü SSRİ Kubokunun 1/16 final mərhələsi çərçivəsində Çelyabinskin "Lokomotiv" komandasına qarşı keçirib. Əlizadə 1968—1973 və 1976—1982-ci illərdə formasını geyindiyi "Neftçi" komandasının heyətində ümumilikdə çempionat və Kubok oyunlarında 209 oyun keçirib, 13 qol vurub. 1973-cü ildə hərbi xidmətdə olan zaman "Tiraspol şəhərinin komandası"nın heyətində çıxış edib.
1975-ci ildə baş məşqçisi azərbaycanlı Əhməd Ələsgərov olan Odessanın "Çernomorets" komandasına keçib. Bu komandanın heyətində SSRİ yüksək liqasında 17 oyun keçirib, 1 qol vurub. Bundan əlavə o, 17 sentyabr 1975-ci ildə UEFA Kuboku çərçivəsində İtaliyanın "Latsio" komandasına qarşı keçirilmiş və Odessa təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatmış oyunda 69 dəqiqə meydanda olub. Bununla da Əlizadə, UEFA Kubokunda çıxış edən ilk azərbaycanlı kimi tarixə düşüb.
1989-cu ildə — yeddi illik fasilədən sonra futbolçu karyerasını bərpa edib və "Termist GOHM"un heyətində SSRİ ikinci liqasında 8 oyun keçirib, 1 qol vurub.
Futzal 1991-ci ildə futzal üzrə SSRİ çempionatında Bakının "Neftçi" komandasının heyətində 4 oyun keçirib, 8 qol vurub. O, həmçinin futzal üzrə SSRİ yığmasının heyətində 2 görüş keçirib.
1999-cu ildə tarixində ilk və hələ ki, sonuncu dəfə Avropa çempionluğunu qazanan futzal üzrə Rusiya yığmasının köməkçi məşqçisi olub.
1992-2008-ci illər aralığında Rusiyanın "Dina" futzal klubunun idman direktoru, 2010-2017-ci illər aralığında isə maddi-texniki təminat üzrə vitse-prezidenti olub.
2019-cu ildə Rusiya mini-futbol Assosiasiyası tərəfindən "İşinə sədaqətə görə" medalı ilə təltif edilib.
Şəxsi həyatı Rafiq Əlizadə 1991-ci ildən Rusiyanın paytaxtı Moskva şəhərində yaşayıb. İki övladı və 4 nəvəsi var.
İstinadlar
Xarici keçidlər Rafiq Əlizadə Transfermarkt.com saytında Rafiq Əlizadə Footballfacts.ru saytında
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Çernomorets Odessa FK futbolçuları Kateqoriya:SSRİ futzalçıları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Rusiya əməkdar məşqçiləri