Şahzadə Əbdülhüseyn mirzə Firuz mirzə oğlu Fərmanfərma (d. 1858/1859, Tehran/Təbriz, Qacar imperiyası –1939, Tehran, İran) — Qacar imperiyasında və Qacar sülaləsinin ən təsirli siyasətçilərindən biri. O, 1857-ci ildə Təbriz şəhərində Qacar sülaləsindən şahzadə Firuz Mirzə Nüsrətdövlə Qacarın ailəsində dünyaya gəlmiş və 1939-cu ilin noyabrında 82 yaşında vəfat etmişdir. O, Qacar sülaləsinin məşhur şahzadəsi Abbas Mirzənin 16-cı nəvəsidir. Onun atasının 8 arvaddan 26 oğlu və 13 qızı olmuşdur. Onun həyatı boyunca birinci arvadından olan dörd oğlu vəfat etmişdir.
Onun övladlarından biri olan Məhəmmədvəli mirzə Fərmanfərmaian həyatının uzun bir dövrünü Təbrizdə yaşamış, farsca çox pis danışmış və Seyid Cəfər Pişəvəri rəhbərliyində yaradılmış Azərbaycan Milli Hökumətində maliyyə naziri olaraq çalışmışdır. Həyatının erkən dövrü Əbdülhəsən Mirzənin anası Xaccə Hüma Xanım adlı qadın olmuşdur. O, dövrünə görə mükəmməl şəkildə özəl müəllimlərdən təhsil almışdır. O, özəl müəllimlərindən şeiriyyat, riyaziyyat, ərəb dili və din ilə birlikdə, modern elmlər və qərb dilləri üzrə təhsil görmüşdür. 21 yaşına gəldiyi zaman, yəni 1878-ci ildə öz təhsilini Tehrandakı Avstriya Hərbi Akademiyasında davam etdirmiş, buradakı təhsili dövründə hərbçi və strategist kimi fərqlənmişdir.
1885-ci ildə atasının vəfat etməsindən sonra atasına məxsus olan Nüsrətəddövlə titiulu ona keçmişdir. 1891-ci ildə Azərbaycan ordusunun komandanı olmuş və "Salar Ləşkər" tituluna layiq görülmüş, 1892-ci ildə böyük qardaşının ölümündən sonra "Fərmanfərma" titulu da ona keçmişdir.
1885-ci ildə o, sonralar şah olacaq Müzəffərəddin Mirzə Qacarın qızı İzzədəddövlə Qacar ilə evlənmişdir. Evlilikdən keçən 20 il ərzində İzzətəddövləyə olan hörmətinə və onun aid olduğu sosial təbəqəyə görə heç bir qadınla evlənməmişdir.
Siyasi fəaliyyəti Fərmanfərmanın siyası fəaliyyəti 3 hissəyə bölünə bilər. Birinci hissə 1885-ci ildən 1896-cı illərə qədər əhatə edir və başlanğıc mərhələ hesab edilir. Bu mərhələdə o, vəliəhd şahzadə Müzəffərəddin Mirzənin tabeliyində müxtəlif vilayətlərin hakimi vəzifəsini yerinə yetirmişdir. İkinci mərhələ Müzəffərəddin Mirzənin 1896-cı ildə taxta çıxması ilə başlayıb, 1921-ci ilə qədər əhatə edir. O, bu mərhələdə öz karyerasının zirvə dövrünü yaşamış, bir çox parlaq vəzifələrə sahiblənmişdir. 1921-ci ildə baş vermiş Pəhləvi çevrilişindən etibarən 1939-cu ildəki ölümünə qədər uzanan mərhələ Fərmanfərma üçün nisbətən çətin keçmiş və Pəhləvilər tərəfindən təzyiqlərə məruz qalmışdır.
Birinci mərhələ (1885-1896) Fərmanfərmanın siyasi fəaliyyəti 1885-ci ildə vəliəhd Müzəffərəddin Mirzənin qızı ilə evlənməsi və şahzadənin Təbrizdəki xəzinəsinə rəhbər təyin edilməsi ilə başlamışdır. Həmçinin onun bacısı Həzrət-e Ülya da Müzəffərəddin Mirzənin arvadı idi. O, hərəmdəki əsas qadın olan Həzrət-e Ülya tərəfindən də dəstəklənirdi. Fərmanfərma 1891-ci ildə Azərbaycan ordusunun komandanı təyin edildi. Eyni ildə onun böyük qardaşı Soltan Əbdülhəmid Mirzə Nəsirəddövlə vəfat etdi və Fərmanfərma onun yerinə Kerman valisi vəzifəsini də ələ keçirdi.
Kerman valisi olarkən ingilislərlə münasibət qurmağa başlamışdır. Kermandakı ingilis konsulu və sonradan böyük tarixçilərdən biri olacaq Percy M. Sykes onunla bu zaman tanış olmuş, onun Bəluc-Qacar sərhədinin demarkasiyası və bir sıra başqa hüquqi məsələlərin həllində ingilislərə yardım etdiyini qeyd etmişdir. Fərmanfərmanın Kermanı tərk edib Tehrana yollanan yeni şaha qatıldığı zaman ingilis diplomatları mərkəzə göndərdikləri xəbərlərdə onu "İrandakı ən yaxşı iki ingilis dostundan biri" adlandırmışdılar.
İkinci mərhələ (1896-1921) 1896-cı ildə Müzəffərəddin Mirzənin taxta çıxmasından sonra onu Təbrizdən Tehrana qədər müşayiət etmiş, Tehrana daxil olduqdan sonra isə Qacar siyasətində mühüm rol oynamağa başlamışdır. Yeni şah Fərmanfərmanın həm yeznəsi, həm də qayınatası idi. O, qısa müddət ərzində əvvəlki şahın baş vəziri olan və vərəsəliyin problemsiz şəkildə Müzəffərəddinə keçməsində mühüm rol oynayan Mirzə Əli Əsgər xan Əmin əl-Soltanı vəzifədən endirilməsində mühüm rol oynamışdır. Buna qədər isə, hökumət Nəsrəddin şahın dövründəki kimi fəaliyyət göstərmişdi. Əmin əl-Soltanın taxta çıxdığı zaman Müzəffərəddini qətiyyətlə dəstəkləməsi şahın ona olan etibarını yüksəltmişdi. Lakin şahın idarəçilik baxımından zəif olması ilə birlikdə, Əmin əl-Soltana qarşı müxalifət çox güclü idi. Bu müxalifətin rəhbəri də Fərmanfərma idi. O, Əmin əl-Soltanın baş nazirliyinə etiraz olaraq Hərb nazirliyi vəzifəsindən imtina etdi və Mohsen xan Müşirəddövlə, Mirzəəli xan Əmin əd-Dövlə, şahın Təbrizdən gəlmiş bəzi ətrafı ilə ittifaqa girdi. Nəticədə onlar qələbə qazandılar və şah taxta problemsiz çıxmasında həlledici rol oynamış Əmin əl-Soltanı 1896-cı ilin noyabrında vəzifəsindən azad edir. Vəzifəsini buraxdıqdan sonra belə Fərmanfərma onunla olan düşmənliyini dayandırmış O, bir neçə qatili pulla tutaraq Əmin əl-Soltanı öldürtməyə çalışmış, lakin Kosogovskinin onu qorumaq üçün ayırdığı 20 kazak buna əngəl olmuşdur.
Əmin əl-Soltanın endirilməsi o dövrdə Qacar səltənətində böyük gücə malik olan və bir-biri ilə gərgin mübarizə içərisində olan Rusiya və İngiltərə imperiyalarında fərqli qarşılanmışdı. Rus səfiri Bützov bunu narahatlıqla qarşılayarkən, ingilis səfiri Durand buna sevinirdi. O, Londona göndərdiyi hesabatında yeni hərb naziri Fərmanfərma ilə daxili işlər naziri Müxbir əd-Dövləni özlərinin İrandakı ən yaxşı dostları adlandırır və onların inzibati idarəetmə bacarığına sahib olduqlarını bildirirdi. Fərmanfərma qısa müddət sonra özünün ingilislərə yaxın olduğunu əməli addımlarla göstərməyə başladı. O, ölkədəki əsas rus təsir vasitələrindən biri olan Kazak Alayının maliyyələşdirilməsini dayandırdı, 150 nəfər kazakı Xorasanda yayılmış epidemiyaya nəzarət etməyə göndərdi və bununla da, paytaxtda cəmi 200-250 nəfər döyüşçüsü qalan alayın real gücünü xeyli aşağı saldı. O, bu addımları ilə alayın komandanı Kosogovskinin nifəritini qazandı.
Əmin əl-Soltanın endirilməsindən sonra o, ordunun baş komandanı, hərbi nazir təyin edildi. O, tez bir zamanda hökuməti özünün təyin etdiyi baş nazir kimi ələ keçirdi və taxtın arxasında real güc kimi ortaya çıxdı. Bu dövr barədə deyilir ki, "o, əsl suveren kimi davranı"rmış. Yeni şahın hakimiyyətinin ilkin illərində o, milli səfərbərlik barədə ilk qanunu hazırlamış və imperiyada hərbi akademiyanın qurulması üçün çalışmışdır.
Fərmanfərmaya qarşı olanlardan biri də Müzəffərəddin şahın üçüncü oğlu Salarəddövlə idi. O, Fərmanfərma bir dəfə mübahisə yarandıqdan sonra bütün sarayın qarşısında qışqırmağa başlamışdı:
Bu pedar-suxtə, bu it Fərmanfərma mənim axmaq atamın Hərb nazirliyi də daxil olmaqla, hər şeyini oğurlamışdır. Mən - Salarəddövlə o yaramaz, üfunət qoxuyan Fərmanfarma yox, hərb naziri olmalıyam.
Bəzən belə hücumların qurbanı olan Fərmanfərma Tehranda olan İran Kazak Briqadasının o dövrki komandanı Kosoqovski tərəfindən "yezuit" adlandırılmışdı. Qəflətən Müzəffərəddin şahın antikorrupsiya əməliyyatları keçirməyə başlamasından sonra bütün əyalətlərdə apardığı talama siyasəti ilə məşhur olan Fərmanfərma özünü düzgün siyasətçi kimi təqdim etməyə başlamışdı. Kosogovski bunu qeyd edərkən, özünün "mümkün olan hər yerdə ələ keçirmək fürsətini heç vaxt boş buraxmadığını", "şahın özünün də iki-üç min tümənə sakitcə batalyonları bir komandirdən digərinə satdığını" yazır. Təəccüblü deyil ki, Fərmanfarmanın hakimiyyəti ələ keçirməsi saray daxilində çoxlarının narazılığına səbəb oldu. 1897-ci ilin martında Mirzə Əli xan Əmin əl-Dövlə baş nazirliyə gətirildi və o, şahın gözündən Fərmanfərmanı salıb Fars əyalətinə hakim göndərilməsinə razı saldı.
1897-ci ilin yayında daxili məsələlər gərginləşməyə başlamışdı. Ölkənin bir çox yerlərində qarışıqlıq hökm sürürdü. Şahınn səhhəti də pis idi və onun yaxında öləcəyi ilə bağlı şayiələr gəzirdi. Şayiələrdən biri də o idi ki, Fərmanfərma şahı özünə vəliəhd kimi Məhəmmədəli Mirzəni yox, Nəsrəddin Mirzəni göstərməsini təklif etmişdi. nəsrəddin Mirzə Fərmanfərmanın bacısından olan şahzadə idi və belə bir addımla Fərmanfərma Müzəffərəddindən sonra da naib kimi öz gücünü qorumağa çalışırdı. Lakin oğlu Məhəmmədəli Mirzəyə düşgün olan şah bu təklifi rədd etmiş və Fərmanfərma da istefa verməyə məcbur olmuşdur.
Qacar sarayındakı ingilis səfiri Çarlz Hardinq Böyük Britaniya XİN Lord Salisburyə bu barədə bunları yazmışdı:
Fərmanfərmanın istefasının başqa səbəbləri ilə bağlı olan iddialara ordunun maaşının verilməməsi, əsgərlərin maaşlarının komandirləri tərəfindən oğurlanmasına laqeyd yanaşması, digər nazirlərin təyinatlarına müdaxilə etməsi və yüksək miqdarda rüşvət alması daxildir. 9 aylıq nazirliyi dövründə onun £100,000 rüşvət aldığı, eyni miqdarda da əsgərlərin maaşından pul oğurladığı deyilir...Sədr Əzəmin süqutundan və Fərmanfərmanın vəzifəyə keçməsindən artıq doqquz ay keçdi və o, ilk vaxtlarda şahla yaxın münasibəti sayəsində ən müstəsna mövqeyə malik olsa da, öz mövqeyini və perspektivlərini intriqa və qazanc üçün doyumsuz iştahı ilə birləşən bacarıq və idarəetmə qabiliyyətinin olmaması ilə məhv etməyə müvəffəq oldu.
Fərmanfərmanın istefası hökumət daxilində dərin böhranın işarəsi hesab edilir. Hökumətin xərcləri getdikcə artdığı bir zamanda, onun ehtiyyatları tükənməkdə idi və dövlət iflas həddinə çatmışdı. Nə ordunun, nə də bürokratiyanın aylar idi ki, maaşları ödənmirdi. Şahın özünün nüfuzu sürətlə enməkdə idi. Şah Fərmanfərmanı paytaxtdan uzaqlaşdırmaq üçün onu Mazandarana hakim təyin etsə də, o, bunu rədd etdi. Sona ingilis səfiri Hardinqin qeydlərinə görə hakimin olmadığı, yollarda anarxiyanın hökm sürdüyü Fars əyalətinə hakim getməyi qəbul etdi. Mirzə Əli Əsgər xan Əmin əl-Soltanın 1898-ci ilin iyulunda yenidən baş nazir təyin edilməsindən sonra Fərmanfərma Tehrana çağırıldı və sürgünə göndərildi. Bu onun düşmənləri üçün böyük qələbə hesab edilirdi. O, Misirə, oradan da Osmanlı Mesopotamiyasındakı Bağdad şəhərinə yollandı. Onun şahzadə arvadı İzzətəddövlə Qacar könüllü şəkildə onunla getdi və dörd il orada yaşadılar. Bundan sonra Fərmanfərma nəhayət saray həyatına geri dönüşünü təmin edə bildi. Bu hadisə 1903-cü ildə Əmin əl-Soltanən vəzifədən götürülməsindən sonra baş verdi. Geri qayıdan Fərmanfərma Kermanşahın hakimi təyin edildi. Kermanşah hakimi olarkən ingilisləri Berlin-Bağdad yolunun buradan keçən qolunun salınması üçün təşviq etmişdir. Bu addım ingilis səfiri tərəfindən belə dəyərləndirilmişdi:
Yuxarıda qeyd olunan hallara uyğun olaraq, Fərmanfarmanın özünü qıcıqlandırmaq cəhdlərinə baxmayaraq, tikintisinin qarşısını almağa çalışdığımız Xanəkin-Kərmanşah-Həmədan yolunun tikintisi üçün ona güzəştə getməyi özümüz üçün rədd etdik. Tehranda, çünki belə bir yol yalnız Almaniyanın daxili İran bazarına daxil olmasını asanlaşdıracaq.
Məşrutə inqilabı zamanı Fərmanfərma bir çox digər torpaq sahibi aristokratiya nümayəndələri kimi məşrutəçilərin monarxistlərə qarşı olan tələblərini mülayimləşdirməyə çalışdı. Manevrləri sayəsində yeni konstitusiyalı hökumətdə ədliyyə naziri vəzifəsini tutdu. Elə həmin il Azərbaycan valisi təyin edildi və bu zaman yüsək cəsarət göstərərək kürd üsyançılara, Azərbaycana soxulan Osmanlı qüvvələrinə qarşı fəaliyyət göstərdi. 1909-cu ildə Fərmanfərma Məhəmmədəli şahın məclisi bombardman edib dağıtmasından sonra daxili işlər naziri və yenidən ədliyyə naziri təyin edildi. O, ədliyyə naziri kimi Qacar hüquq sisteminə qərb tərzi dünyəvi məhkəmə sistemini ilk dəfə gətirmişdir.
Rusiya ilə kredit istəyi və kredit tələbi üçün edilən ağır şərtlərdən sonra inqilabı gedişat zamanı qurulan Sepehdar hökuməti istefa etdi. Lakin rusların gözləntilərinin əksinə olaraq, qurulan yeni hökumət daha radikal şəkildə anti-rusiya mahiyyətə sahib idi. 1909-cu ildə qurulan yeni hökumətdə Fərmanfərma daxili işlər naziri oldu. Tehrandakı ingilis diplomatı olan Çarlz Marlinq XİN rəhbərinə yazdığı məlktubda bunu belə qiymətləndirmişdi:
Fərmanfərma kimi tiranlıq və qəsb yolu ilə hökumətin belə bir bədnam eksponentinin xidmətlərinə cəlb edilmək özlüyündə uğursuzluğun etirafıdır.