General-Qubernatorluq (; ; ), İşğal olunmuş Polşa ərazisinin general-qubernatorluğu və ya İşğal edilmiş Polşa ərazisinin Ümumi Hökuməti () — İkinci Dünya müharibəsi illərində Almaniyanın Polşa kampaniyası zamanı Polşanın hərbi işğalı zamanı Polşa ərazisinin bir hissəsini ifadə edən "Böyük Almaniyanın" ayrı bir hissəsi idi. 1941-ci ildə, Barbarossa əməliyyatından sonra, Şərqi Qalisiyada Adolf Hitlerin (əsasən ukraynalılar) verdiyi bir sərəncamla Ümumi İdarəetməyə əlavə edildi. Hans Frank bu işğal olunmuş ərazilərə general qubernator təyin edildi. Bu yeni administrasiyanın rəsmi adı olan Frankın sərəncamı adı, 31 iyul 1940-cı ildə General-Qubernatorluq olaraq dəyişdirildi.

Sovetlər 1944-cü ildə Polşanı aldılar və General-Qubernatorluq dağıldı. Frank 1945-ci ilin may ayında Amerika əsgərləri tərəfindən tutuldu və Nürnberq məhkəməsində mühakimə olunaraq edam edildi.

General-Qubernatorluq İkinci Dünya müharibəsinin başlanğıcında 1939-cu ildə Nasist Almaniyası, Slovakiya və Sovet İttifaqının Polşaya hücumundan sonra yaradılmış alman işğal zonası hesab olunurdu. Yeni işğal edilmiş İkinci Polşa Respublikasının ərazisi üç zonaya bölünür: mərkəzdə General-Qubernatorluq, qərbdə faşist Almaniyası tərəfindən ilhaq edilmiş Polşa əraziləri və şərqdə Sovet İttifaqının ilhaq etdiyi Polşa əraziləri. 1941-ci ildə Almaniyanın Sovet İttifaqına hücum etməsindən sonra bu ərazi yeni Qalisiya Regionunun əraziləri hesabına əhəmiyyətli dərəcədə genişləndirilmişdir.

General-Qubernatorluğun yaradılmasının əsası “İşğal edilmiş Polşa ərazilərinin idarə edilməsi haqqında əlavə dekret” ilə qoyulmuşdur. Bu qərar 8 oktyabr 1939-cu ildə Hitler tərəfindən elan edildikdən sonra Polşa hökumətinin tamamilə dağıldığı iddia edilmişdir. Bu məntiq Almaniya Ali Məhkəməsi tərəfindən müharibələrarası dövrdə Polşanın etnik alman əhalisi istisna olmaqla, bütün Polşa vətəndaşlarının şəxsiyyətlərini vətəndaşlığı olmayan subyektlər kimi təyin etmək üçün istifadə edilmişdir. Bu isə beynəlxalq hüquq normalarını nəzərə almamaq və onları Almaniyanın yeganə qanuni vətəndaşları hesab etmək demək idi.

General-Qubernatorluq Almaniya tərəfindən maddi-texniki təminat məqsədləri üçün ayrıca inzibati vahid kimi idarə olunurdu. 1941-ci ilin iyun ayında Vermaxt qüvvələri Sovet İttifaqına daxil olandan sonra (Barbarossa əməliyyatı) General-Qubernatorluğun ərazisi əvvəllər SSRİ-yə birləşdirilmiş Polşa ərazilərinin hesabına genişləndirilmişdir. Bir neçə gün ərzində Şərqi Qalisiya işğal edilərək Qalisiya Regionunun tərkibinə daxil edilmişdir. 1945-ci ilə qədər General-Qubernatorluq Varşava, Krakov, Lvov (müasir Lviv), Lublin (Lublin rezervasiyası) kimi böyük Polşa şəhərləri daxil olmaqla müharibədən əvvəlki sərhədlər (müasir Qərbi Ukrayna əraziləri də daxil olmaqla) daxilində Polşanın mərkəzi, cənub və cənub-şərqinin əksəriyyətini əhatə edirdi. Bu şəhərlərdən bəziləri Tarnopol (Tarnopol gettosu), Stanislavov (müasir İvano-Frankivsk; Stanislavov gettosu), Drohobiç, Sambor (Drohobiç və Sambor gettoları) və başqaları idi. Coğrafi yerlərin və şəhərlərin adları almanca dəyişdirilmişdi.

General-Qubernatorluğun idarəsi tamamilə alman məmurlarından ibarət idi. Bunun məqsədi isə gələcəkdə alman köçkünləri tərəfindən bu ərazini tamamilə məskunlaşdırmaq üçün yerli Polşa əhalisini bioloji cəhətdən tamamilə məhv etmək idi. General-Qubernatorluğun nasist rəhbərliyi etnik mənşəyindən və siyasi oriyentasiyasından asılı olmayaraq, müharibə zamanı hakimiyyəti yerli əhali ilə bölüşmək niyyətində deyildi. Rəsmilər qanuni yazışmalar zamanı “Polşa” adından nadir hallarda istifadə edirdilər. Bunun yeganə istisnası Polşadakı General-Qubernatorluğun Emissiya Bankı idi (; ).

Adı

1940-cı ilin iyul ayına qədər Almaniyada rejimin tam adı Generalgouvernement für die besetzten polnischen Gebiete idi və bu adətən “İşğal edilmiş Polşa ərazisinin Ümumi Hökuməti” kimi tərcümə olunur. Qubernator Hans Frank, Hitlerin icazəsi ilə 31 iyul 1940-cı ildə bu adı qısaldaraq sadəcə Generalgouvernement () etmişdir.

Generalgouvernement (söz fransız dilindən götürülmüşdür) sözünün ingilis dilinə düzgün tərcüməsi “General Governorate” formasındadır, çünki gouvernement termininin düzgün tərcüməsi “hökumət” deyil, inzibati bölgü və ya region növü olan “qubernatorluq” deməkdir.

Almanların Generalgouvernement adını seçməsi heç də təsadüfi deyildi. Belə ki, Birinci Dünya müharibəsi zamanı Almaniya imperiyası tərəfindən regionda yaradılmış mülki orqanın adı da Generalgouvernement Warschau idi. Bu region 1914-1918-ci illər arasında Avstriya-Macarıstanın nəzarətində olan Lüblin Hərbi Hökuməti ilə bərabər mövcud olmuşdur. Qısa ömürlü — 1916-1918-ci illər arasında mövcud olmuş Polşa Krallığı da Ümumi Hökumət kimi kukla bir dövlət idi və Polşanın Rusiyanın nəzarəti altında olan ərazilərində yaradılmışdı.

Ərazi xalq arasında Restpolen (“Polşanın qalıqları” və ya “Polşadan qalanlar”) kimi də tanınırdı.

Tarixi

Almanların Polşaya hücumundan sonra Azad Danziq şəhəri də daxil olmaqla alman ordusunun işğal etdiyi bütün ərazilərdə əvvəlcə hərbi nəzarət rejimi tətbiq edilirdi. Bu ərazi Almaniyanın 1939-cu ildəki şərq sərhədindən və Şərqi Prussiyadan, alman ordularının irəliləyişlərini dayandırdıqları və Polşaya və Baltikyanı dövlətlərə qarşı imzalanmış olan gizli pakta əsasən Sovet İttifaqının Qırmızı Ordusu ilə birləşdikləri Buq çayına qədər uzanırdı.

23 avqust 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktına əsasən Vistula və Buq çayları arasındakı geniş ərazi Polşada Sovet "təsir dairəsi"nə daxil edilmiş, Polşanın paytaxtı olan Varşava şəhəri isə iki dövlətin müştərək idarəsi altında olmalı idi. İlkin razılaşmadan kənara çıxmaları aradan qaldırmaq üçün Almaniya və Sovet İttifaqı nümayəndələri sentyabr ayının 28-də iki ölkə arasında daimi sərhədləri müəyyən edərək çəkmək üçün yenidən görüşmüşdürlər. Müqavilənin yenidən işlənmiş bu variantına əsasən, sözügedən ərazi əvvəlcə Almaniyanın sərhədləri daxilində olan Litvanın Sovet ərazisinə daxil edilməsi ilə mübadilə edilmişdir. Yeni razılaşma ilə Polşanın bütün mərkəzi hissəsi, o cümlədən polyakların yaşadıqları əsas etnik ərazi Almaniyanın müstəsna olaraq nəzarəti altına keçirdi.

Reyxin Lebensraumunu (yaşayış sahəsi) artırmaq üçün Hitler işğal olunmuş Polşa ərazisinin böyük bir hissəsinin alman zonasının qərb yarısında birbaşa Almaniyaya birləşdirilməsi haqqında fərman vermişdir. Almaniya bu ərazilərin əksəriyyətində iki yeni Reyxsqaue (Reichsgaue) təşkil etdi: Danziq-Qərbi Prussiya və Vartheland (Wartheland). Qalan üç region, sözdə Zichenau, Şərqi Yuxarı Sileziya və Suwałki üçbucağı, qonşu Reyxsqauelər ilə birləşdirilmişdir. RKF və HTO tərəfindən ilhaq edilmiş ərazinin dərhal almanlaşdırılmasını asanlaşdırmaq üçün xüsusən də Varteqauda kütləvi deportasiyalara səbəb olmuş qəddar tədbirlər tətbiq edilmişdir. Keçmiş Polşa torpaqlarının qalan hissələri şərqdə Alman hakimiyyətinin demarkasiya nöqtəsi olaraq Nebenland (sərhəd ərazisi) olmuşdur. Fürerin 12 oktyabr 1939-cu il tarixli fərmanı ilə General-Qubernatorluq (Ümumi Hökumət) yaradılmışdır. Fərman 1939-cu il oktyabr ayının 26-da qüvvəyə minmişdir.

Hans Frank General-Qubernatorluğun qubernatoru təyin edilmişdi. Alman rəsmiləri, yeni Reyx ərazisi ilə Qərb dövlətləri ilə sövdələşmə kozu rolunu oynaya biləcək guya işğal olunmuş bir dövlət arasında kəskin ziddiyyət yaratdılar. Almanlar Polşa əhalisinin müxtəlif təbəqələri arasında sərhədlərarası əlaqənin çətinliyini artırmaq üçün iki alman regionu arasında qapalı sərhəd yaratdılar.

Yeni yaradılmış orqan üçün seçilmiş rəsmi ad Generalgouvernement für die besetzten polnischen Gebiete (İşğal edilmiş Polşa ərazisinin Ümumi Hökuməti) idi, sonradan Frankın 31 iyul 1940-cı il tarixli fərmanı ilə Generalgouvernement (Ümumi Hökumət və ya General-Qubernatorluq) olaraq dəyişdirilmişdir. Lakin bu ad dəyişikliyi administrasiyanın hər hansısa bir dəyişikliyinin xarakterini ifadə etmirdi. Alman hakimiyyət orqanları heç vaxt bu Polşa ərazilərini işğal olunmuş ərazilər kimi qəbul etməmişdirlər (Polşanın faktiki işğalı zamanı qısamüddətli hərbi idarəçilik dövrü istisna olmaqla). Nasistlər Polşa dövlətinin sentyabr kampaniyasındakı məğlubiyyəti ilə faktiki olaraq mövcudluğunu dayandırmış olduqlarını hesab edirdilər.

Ümumilikdə General-Qubernatorluq ərazisinin 1939-cu ildəki əhalisinin 4 milyonu Sovet silahlı qüvvələrinin 1944-cü ilin sonlarında əraziyə daxil olduqları zaman həyatını itirmişdi. Əgər Polşa yeraltı müqaviməti tərəfindən bir alman öldürülərdisə, 50-100 nəfər arasında polyak alman polisi tərəfindən cəza və digər polyaklara xəbərdarlıq məqsədilə edam edilirdi. Yəhudilərin əksəriyyəti, bəlkə də iki milyona yaxın insan əsir götürülərək öldürülmüşdülər. Varşava üsyanından sonra almanlar Varşavanı darmadağın etmişdilər. 1944-cü ilin axırlarında Sovet İttifaqı Polşaya doğru irəlilədikləri zaman General-Qubernatorluq süqut etmişdir. Amerika qoşunları 1945-ci ilin may ayında regionu idarə edən Hans Frankı ələ keçirdirlər. Frank Nürnberq məhkəməsindəki müttəhimlərdən biri idi. Məhkəməsi zamanı o, uşaqlıqdakı katolik inancını bərpa etmiş və peşman olduğunu bildirmişdir. Frank öz gündəliklərinin qırx cildini məhkəməyə təqdim etmişdir. Onun və digərlərinin əleyhinə çox sayda sübutlar əldə edilmişdir. Müharibə cinayətlərində və insanlığa qarşı cinayətlərdə təqsirli bilinmişdir. 1946-cı il oktyabr ayının 1-də edam cəzasına məhkum edilmiş və hökm oktyabr ayının 16-da icra olunmuşdur.

Almaniyanın regiondakı məqsədləri

Müharibədən əvvəl və işğal zamanı Varşavanı tamamilə məhv etmək və onun yerində yeni bir alman şəhərinin tikilməsi üçün planlar hazırlanmışdı. Planlar daha sonra Generalplan Ost layihəsinin tərkibinə daxil edilmişdir. 1941-ci ilin mart ayında Hans Frank tabeliyində olanlara Hitlerin “15-20 il ərzində bu ərazini tamamilə alman zonasına çevirmək” qərarına gəldiyini bildirmişdir. O, belə demişdir: “Hal-hazırda 12 milyon polyakın yaşadığı bu yerlərdə gələcəkdə 4-5 milyon alman yaşayacaqdır. Generalgouvernement də Rhineland kimi alman olmalıdır”. 1942-ci ildə Hitler və Frank Krakov ("tamamilə Almaniya paytaxtı ilə") və Lyublin ərazilərinin alman kolonistlərinin köçürüləcəkləri birinci ərazilər olacağı barədə razılığa gəlirlər. Hitler “Bu iki zəif nöqtə möhkəmləndirildikdən sonra, polyakları yavaş-yavaş geri çəkilməyə məcbur etmək mümkün olacaqdır” demişdir. Daha sonralar alman siyasəti aşağı təbəqədən olan polyakların təhkimçi statusuna endirilməsini, orta və yuxarı təbəqədən olan polyakların isə bu ərazilərdən sürgün edilməsini və ya onların tamamilə yox edilməsini və bundan sonra da onların yerinə “ali irqin” nümayəndələri olan alman kolonistlərini köçürməyi nəzərdə tutmuşdu.

“General-Qubernatorluq bizim aşağı dərəcəli işlər (kərpic istehsalı ilə məşğul olan zavodlar, yol tikintisi və s.) üçün əmək ehtiyatımızdır (...) Qeyri-şərtsiz olaraq “polyak ustaları” ola bilməz və buna xüsusi olaraq diqqət etmək lazımdır; Polşalı ustaların varlığı və bunun nə qədər sərt səslənməsi məni maraqlandırmır, onların hamısını öldürmək lazımdır. (...) Fürer bir daha qeyd etdi ki, polyaklar üçün yalnız bir usta və bir alman var, yan-yana iki usta ola bilməz və buna heç cür razılıq vermək olmaz. Ona görə də Polşa ziyalılarının bütün nümayəndələri öldürülməlidir (...) General-Qubernatorluğun ərazisi böyük bir polyak ehtiyatı, polyakların böyük bir əmək düşərgəsidir.” — 2 oktyabr 1940-cı il, Berlin. Adolf Hitler və Hans Frankın görüşündən Dr. Martin Bormannın qeydləri.