Stepan (Stepanos) Meliksetoviç Ağacanyan (; ) — erməni əsilli rəssam, müəllim və Ermənistan SSR xalq rəssamı (1938)..

Həyatı

Stepan Ağacanyan 1863-cü ilin 16 dekabr tarixində Rusiya imperiyasının Yelizavetpol quberniyasında Şuşa qəzasına daxil olan Şuşa şəhərində, dərzi Melikset Ağacanyanın ailəsində anadan olmuşdur. 1872–1881-ci illərdə Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasına tabe olan Qazançetsots kafedralında ruhani təhsil almışdır. 1881–1884-cü illərdə Şuşada yerləşən rus məktəbində oxumuşdur.

1884-cü ildə Bakıya gələn rəssam iki il bu şəhərdə yaşadıqdan sonra 1886-cı ildə Fransaya yollanmışdır. Ağacanyanın peşəkar formada rəssamlıqla məşğul olması Fransanın cənub hissəsində yerləşən liman şəhəri Marseldə məskunlaşmasından sonra baş vermişdir. Belə ki, Stepan 1886–1890-cı illərdə Marseldə yerləşən Marsel Rəsm Studiyasında daha sonra isə Parisdəki Julian Akademiyasında təhsil almışdır.

Parisdə oxuduğu 1897–1900-cı illər rəssamın ən məhsuldar yaradıcılıq dövrlərindən biri hesab olunmaqdadır. 1900-cu ildə rəssam Şuşa şəhərinə qayıtmış, 1902-1904-cü illərdə Bakıda rəssam kimi çalışmışdır. 1905-ci ildə Rostov-na-Don şəhərinə köçmüş və 1921-ci ilə qədər dövlət məktəblərində və Dövlət Rəssamlıq Studiyalarında rəssam və məsləhətçi kimi çalışmışdır.

Stepan Ağacanyan 1921-ci ildə Ermənistan SSRə qayıtmışdır. 1922–1929-cu illərdə İrəvan şəhərində yerləşən Dövlət Rəssamlıq Akademiyasında müəllim kimi çalışmışdır. 1938-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının "xalq rəssamı" fəxri adına layiq görülmüşdür. 1940-cı il dekabrın 13-də, 76 yaşında Ermənistan Sovet Sosialist Respublikasının paytaxtı İrəvan şəhərində vəfat edib.

Qalereya

İstinadlar

Ədəbiyyat John Milner. A Dictionary of Russian and Soviet Artists, 1420 – 1970. Woodbridge, Suffolk; Antique Collectors' Club, 1993

Kateqoriya:SSRİ rəssamları Kateqoriya:Ermənistan SSR-in xalq rəssamları Kateqoriya:Ermənistan SSR əməkdar rəssamları Kateqoriya:Rusiya imperiyası rəssamları Kateqoriya:XX əsr rəssamları