Hüseynağa Sultan oğlu Hacıbababəyov () — opera müğənnisi (lirik tenor). Azərbaycanın xalq artisti (1938).
Həyatı Hüseynağa Hacıbababəyov 1898-ci il may ayının 19-da Şamaxıda anadan olmuşdur. Ailəsi ilə birlikdə 1902-ci ildə Bakıya köçmüşdür.
Hüseynağa burada əvvəlcə "Alekseyski" məktəbində, sonra məşhur teatr xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi təhsil ocağında təhsil almışdır. 1910-cu ildə "Nicat" mədəni-maarif cəmiyyəti teatr truppasının xoruna qəbul olunmuş, 1913-cü ildən başlayaraq "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə dramatik və musiqili teatr aktyoru kimi çalışmışdır.Dadaşov, S. Azərbaycan SSR Xalq artisti Hüseynağa Hacıbababəyov: 60 illiyi /Soltan Dadaşov; red.M.Davudova. Bakı: Azərb. Teatr Cəmiyyəti, 1958.- 31, s.
1919-cu ildən 1925-ci ilin avqustuna qədər Milli Dram Teatrının truppasında çalışmış, 1925-ci ilin payız mövsümündən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist işləmişdir.
Müxtəlif truppalarda çoxlu dramatik obrazlarla yanaşı, opera və operettalarda qadın obrazlarından Leylinin, Əslinin, Xurşidbanunun, Gülçöhrə və Cahan xalanın, Gülnazın ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", "Arşın mal alan" və "O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Qəribin anasının ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov), Gülzarın ("Şah İsmayıl", Müslüm Maqomayev) partiyalarını ifa etmişdir.Təhmirazqızı, S. Mayda xatırlananlar: [Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri olmuş Hüseynağa Hacıbababəyov və Şirzad Hüseynov haqqında] /Səadət Təhmirazqızı //Mədəniyyət.- 2010.- 19 may. — S.5.
1925-ci ildən 1972-ci ilə qədər çıxış etdiyi əsas tamaşalar onun sənətkarlığını açıqca göstərmişdir: Çar Brendey, Hindli qonaq ("Qar qız" və "Sadko", Nikolay Rimski-Korsakov), Qərib ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov), Sərvər, Əsgər, Məcnun, Kərəm ("Məşədi İbad", "Arşın mal alan", "Leyli və Məcnun" və "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyli), Lenski ("Yevgeni Onegin", Pyotr Çaykovski), Əlyar, Şah İsmayıl ("Nərgiz" və "Şah İsmayıl", Müslüm Maqomayev), Qraf Almavivo ("Sevilya bərbəri", Coakkino Rossini).Təranə. "Eşidənlərin ruhunu təsvir edə biləcək bir qüvvə" /Təranə //Kaspi.- 2010.- 11 noyabr.- S.15.
Milli opera sənətinin nümayəndəsi, müğənni Hüseynağa Hacıbababəyov 1972-ci il noyabr ayının 10-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 may 1934 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 4 dekabr 1938 "Qırmızı əmək bayrağı" ordeni — 17 aprel 1938 "Şərəf nişanı" ordeni — 9 iyun 1959
İstinadlar
Həmçinin bax Azərbaycan musiqisi
Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:1898-ci ildə doğulanlar Kateqoriya:1972-ci ildə vəfat edənlər Kateqoriya:Opera ifaçıları Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Hacıbababəyovlar Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri