Fəridə Cəfər qızı Məmmədova () — Azərbaycan tarixçisi, albanşünas-alim, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü (2001), AMEA-nın Tarix İnstitutunun əməkdaşı, Azərbaycan SSR əməkdar elm xadimi (1990), Azərbaycan SSR Dövlət mükafatı laureatı.
Həyatı Fəridə Məmmədova 8 avqust 1936-cı ildə Zubovkada (hazırkı Şirvan şəhəri) anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997–1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir.
Fəridə Məmmədova 8 dekabr 2021-ci ildə 85 yaşında vəfat etmişdir.
Əsas elmi nailiyyətləri İlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F. Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I–VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuklunun alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F. Məmmədova Alban dövlətinin e.ə. IV- b.e. VII əsrlərinə aid sərhədlərini müəyyən etmiş, Albaniyada xristianlığın yayılması və alban kilsəsinin yaranması tarixini tədqiq etmiş və Qarabağ tarixini yazmışdır.
Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası Azərbaycanlı şair və ictimai xadim Bəxtiyar Vahabzadə tarixçi Fəridə Məmmədovanın 1986-cı ildə "Elm" nəşriyyatında rus dilində işıq üzü görmüş "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası" adlı monoqrafiyasını yüksək qiymətləndirmişdir. Vahabzadənin fikrinə görə, tədqiqat əsəri zəngin mənbələrə, o cümlədən orta əsr erməni müəlliflərinin əsərlərinə əsaslanaraq Sünik, Arsak, Kambisena və Qoqarena kimi vilayətlərin qədim Albaniya torpaqları olduğunu, həmçinin bu ərazilərin Atropatena ilə birlikdə tarixi Azərbaycan coğrafiyasını təşkil etdiyini sübut edir. Müəllif əsərdə yerli əhalinin qədim dövrlərdən etibarən bura köç edən türkdilli qəbilələrlə qaynayıb-qarışaraq Azərbaycan xalqının etnogenezində mühüm rol oynadığını irəli sürür, eyni zamanda bəzi erməni tarixçilərinin mənbələrə sonradan etdiyi əlavələri elmi şəkildə tənqid edir. Kitabın elmi əhəmiyyətini vurğulayan Vahabzadə onun Azərbaycan dilinə tərcümə olunaraq kütləvi tirajla nəşr edilməsinin zəruriliyini qeyd etmişdir.
Bununla belə, Fəridə Məmmədovanın monoqrafiyası elmi və ictimai mühitdə birmənalı qarşılanmamış və bəzi tənqidlərə məruz qalmışdır. İrəvanda nəşr olunan "Grakan tert" qəzeti kitabı "qızışdırıcı mövzu"da yazılmaqda ittiham etmiş, SSRİ Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini A. N. Saxarov və filoloq A. Muşeqyan da əsərin əleyhinə çıxış etmişdilər.
Akademik Ziya Bünyadov kitaba qarşı irəli sürülən tənqidlərə kəskin reaksiya vermiş, Fəridə Məmmədovanın tədqiqatını müdafiə etmişdir. Bünyadov peşəkar bilik tələb edən və orta əsrlər tarixi üzrə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən bir doktorluq dissertasiyasının filoloq A. Muşeqyan və ona dəstək verən A. N. Saxarov tərəfindən tənqid olunmasını qeyri-obyektiv yanaşma kimi dəyərləndirmişdir. O, bəzi erməni alimlərinin Qafqaz Albaniyası mövzusunu inhisara almağa çalışdıqlarını və digər regionların, xüsusilə Azərbaycan tədqiqatçılarının bu sahədə fəaliyyətinə mane olduqlarını, analoji qadağalarla şəxsən özünün də qarşılaşdığını bildirmişdir.«Әдәбијјат вә инҹәсәнәт» гәзети, 15 јанвар 1988-ҹи ил.
Vahabzadə də öz növbəsində Azərbaycan tarixinin bu dövrünün araşdırılmasına qoyulan qeyri-rəsmi qadağaları tənqid etmişdir. Şair yenidənqurma dövrünün gətirdiyi "qlasnost" siyasətinin tarixi nailiyyətlərə və elmi həqiqətlərə hücum etmək üçün vasitəyə çevrilməməli olduğunu qeyd etmiş, tarixi abidələrin və mənbələrin Azərbaycan xalqının qədim köklərini və tarixi keçmişini dürüst şəkildə əks etdirdiyini müdafiə etmişdir.
Əsas elmi əsərlərin adları Moisey Kalankatuyskinin "Alban tarixi" əsəri Qafqaz Albaniyasının ictimai quruluşu üzrə bir mənbə kimi. Bakı: 1977, (rus dilində). Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı: 1986, (rus dilində). Azərbaycanın tarixi coğrafiyası. Bakı: 1987, (kollektiv monoqrafiya). Qarabağ probleminin səbəb və nəticələrində əlaqə (alman və azərbaycan dillərində). Le probleme de l'ethnos albano-caucasien, "L'antropoloqie sovietique". Paris: 1990, Qafqaz Albaniyası və albanlar-Bakı:2003(rus dilində) Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 96, 5 monoqrafiya Xaricdə çıxmış elmi əsərlərinin sayı: 20
Təltif və mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1 fevral 1990 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı — 26 may 1991 "Şöhrət" ordeni — 14 fevral 2004
İstinadlar
Xarici keçidlər Fəridə Məmmədova
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycanın qadın tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Şirvanda (Azərbaycan) doğulanlar Kateqoriya:AMEA-nın qadın müxbir üzvləri Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:XXI əsr Azərbaycanın qadın yazıçıları Kateqoriya:XX əsr Azərbaycanın qadın yazıçıları