Ağsu rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağsu şəhəridir.

Etimologiyası Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli yazır ki, Ağsu rayonunun Ülgüc kəndi yaxınlığında yerləşən orta əsr Ağsu şəhərinin adı XVI–XVII əsrdən tarixə bəllidir. 1735-ci ildə Nadirqulu xan (1736-cı ildən sonra Nadir şah) zəlzələ və ara müharibələrindən zərər çəkmiş və yararsız hala düşmüş Şamaxı şəhərinin əhalisini Ağsuya köçürüb, ciddi plan əsasında şəhəri yenidən tikdirib. Azərbaycanın tarixi-coğrafiyasını yazan Zəki Vəlidi Toğan bu haqda bildirir: "Nadir şah 1735-ci ilin martında Şamaxını tutduqdan sonra Şirvanın hökumət mərkəzini şəhərin 30 km cənubi-qərbində əvvəllər mövcud olan Ağsu qəsəbəsinə keçirib Şamaxının əhalisini də oraya köçürür. 1767-ci ildə hökumət mərkəzi az vaxt müddətinə Ağsudan Şamaxıya qaytarılsa da, həmin ildə yenidən Ağsuya gətirilmiş və 1795-ci ilədək burada qalmışdır". Həmin dövrdə və sonralar yaşamış yerli müəlliflər — Haşimi Şirvani, Zülali Şirvani, Ağa Məsih Şirvani, Şakir Şirvani, Hacı Zeynalabdin Şirvani, Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani və başqaları öz əsərlərində bir qayda olaraq bu şəhəri Ağsu adlandırıblar. Şəhərin rəsmi adı istər Nadir şah, istər Hacı Məhəmmədəli xan, istər Məhəmmədsəid xan, istərsə də Mustafa xan dövründə şəhər Ağsu adlanmışdır. Xaraba şəhər şəhərin adı deyil, dağıldıqdan sonra bu cür adlanıb. Yeni Şamaxı adı heç bir rəsmi əhəmiyyət daşımayaraq, Şamaxıya nisbətdə deyilib.

Ağsu adının oğuzlarla bağlı olması Şərqi Türküstan və Anadoluda olduğu kimi tarixən yaxınlığında Sincan adının çəkilməsi ilə əlaqələndirilir. XX əsrin əvvəllərinə qədər Ağsu qəsəbəsinin yaxınlığında Sincan obasının yaşaması rəsmi sənədlərdə təsdiqlənir. Hal-hazırda Çinin Sincan-Uyğur Muxtar Respublikasında ən böyük şəhərlərdən biri məhz Ağsudur. Ağsu adı oğuz türkləri ilə bu bölgəyə gətirilmiş, suyunun xüsusən yay aylarında duru olması səbəbi ilə toponim kimi işlədilmişdir.

A. Bakıxanov "Gülüstani-İrəm" əsərində qeyd edir ki, Nadir şah tərəfindən 1735-ci ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Az bir zamanda şəhərin ətrafında hasarlar tikildi. Şəhərin qədim əhalisi də buraya köçürüldü və Ağsu Şirvan hakimlərinin mərkəzi oldu. Həmin qədim şəhərin qalıqları (hazırda "Xaraba şəhər" adlanır) müasir Ağsu şəhərinin cənubunda yerləşir. Şəhərin adı isə ərazisindən keçən "Ağsuçay"ın adı ilə bağlıdır. Əvvəllər şəhər tipli qəsəbə olan Ağsu 1967-ci ildə şəhər statusu almışdır.

Tarixi Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmiş, 4 yanvar 1963-cü ildə ləğv edilib Kürdəmir rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur.

Əhalisi

Təxminən 77 min nəfərdən ibarət olan rayon əhalisinin ümumi sayının 49,1%-ni kişilər, 50,9%-ni qadınlar təşkil edir. Əhalinin 99%-i azərbaycanlılardan, 1%-i ləzgilərdən, türklərdən və s. ibarətdir. Əhalinin 28,9 %-i şəhərdə, 71,1 %-i kənd yerlərində yaşayır.

Əhalisinə görə ən böyük yaşayış məntəqələri Ağsu şəhəri, Gəgəli, Bico, Kəndoba, Kalva, Pirhəsənli və Ərəbuşağı kəndləridir.

Rayonda 2.068 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Bunlar Ermənistandan, Özbəkistandan və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş rayonlarından gələn əhalidir.

İnzibati bölgüsü right|thumb|300px|Ağsu rayonunun xəritəsi

Rayonda 1 şəhər, 31 bələdiyyə və 79 kənd vardır.

Bələdiyyələr № Bələdiyyələrin adı Əhali1 Ağsu şəhər bələdiyyəsi 223132 Gəgəli kənd bələdiyyəsi 43343 Bico kənd bələdiyyəsi 22924 Kəndoba kənd bələdiyyəsi 32975 Kalva kənd bələdiyyəsi 23426 Ərəbuşağı kənd bələdiyyəsi 10007 Padar kənd bələdiyyəsi 19608 Ərəbmehdibəy kənd bələdiyyəsi 18119 Pirhəsənli kənd bələdiyyəsi355510 Cəlayir kənd bələdiyyəsi 301011 Qaraqoyunlu kənd bələdiyyəsi230412 Padarqışlaq kənd bələdiyyəsi 151213 Ləngəbiz kənd bələdiyyəsi146314 Növcü kənd bələdiyyəsi235615 Qəşəd kənd bələdiyyəsi119916 Bozavand kənd bələdiyyəsi267017 Daşdəmirbəyli kənd bələdiyyəsi111818 Dilman kənd bələdiyyəsi112919 Çiyni kənd bələdiyyəsi143320 İlxıçı kənd bələdiyyəsi145521 Çaparlı kənd bələdiyyəsi211222 Xəlilli kənd bələdiyyəsi88923 Rəhimli kənd bələdiyyəsi172824 Nüydü kənd bələdiyyəsi68025 Göydəlləkli kənd bələdiyyəsi66126 Aratlı Curuğlu kənd bələdiyyəsi128727 Muradlı kənd bələdiyyəsi118828 Ərəbsarvan kənd bələdiyyəsi98229 Nəmirli kənd bələdiyyəsi82330 Nuran kənd bələdiyyəsi75531 Gürcüvan kənd bələdiyyəsi1665 Cəmi122980

Ərazi və coğrafiyası Ağsu rayonu şərqdən və şimal-şərqdən Şamaxı, cənubdan Hacıqabul və Kürdəmir, qərbdən və şimali-qərbdən İsmayıllı rayonları ilə həmsərhəddir.

Ərazisinin sahəsi 1020,1 km²-dir.

Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. Rayonun relyefi şimalda və şimal-şərqdə dağlıq (Niyaldağ, Hinqar, Ləngəbiz silsilələri və s.), cənubda ovalıqdır (Şirvan düzü). Rayon ərazisindəki ən hündür zirvə Bico kəndi ərazisindəki, dəniz səviyyəsindən 929 metr yüksəklikdə yerləşən Sanqalan ("Səndələn" və ya "Bico dağı" da adlanır) zirvəsidir. Bu zirvə, həm də Ləngəbiz silsiləsinin ən hündür nöqtəsidir. Dağlıq ərazilərdə Paleogen və Neogen, düzənlikdə isə Antropogen çöküntüləri yayılmışdır. Gil yataqları mövcuddur.

Rayonun ərazisindən Girdiman, Ağsuçay və onların qolları, Ağdarçay və Nazirçay keçir. Qərbdə Kükəş qobusu (Kür sellər oylağı) və ortada Cavanşir gölü, rayonun şərqə tərəf hissəsində kiçik Bicodərəsi çayı, cənubda Yuxarı Şirvan kanalı, onun Ağsu qolu yerləşir.

İqlimi mülayim isti quru subtropikdir. Orta temperatur yanvarda −4 °C-dən l,5°Cyədək, iyulda isə 15–27 °C-dir. İllik yağıntı 340–800 mm-dir.

Torpaqları karbonatlı qəhvəyi dağ-meşə, dağ boz-qəhvəyi, açıq şabalıdı, boz və çəmən-boz tiplidir.

Dağlıq sahədə meşə və kolluqlar vardır. Qarabağın rəmzlərindən sayılan məşhur xarıbülbül çiçəyinə Ağsu rayonunun dağlıq ərazilərində də (xüsusən Bico dağlarında) daima rast gəlinmişdir.

Rayon ərazisində ayı, çöldonuzu, çaqqal, porsuq, canavar, tülkü və s. heyvanlara, kəklik, turac, qırqovul, çalağan və bu kimi digər quşlara, həmçinin gürzə, kələz, yelmar, koramal və başqa sürünənlər yaşayır.

16 kənd, 3 ərazi dairəsi dağlıq zonadadır. Rayonun inzibati mərkəzi olan Ağsu şəhəri Şamaxıdan 37 km cənub-qərbdə, Ağsu çayının sahilində yerləşir. Azərbaycanda "Ağsu" adlı çaylar çoxdur. Onların bu cur adlanmasının səbəbi çox sadədir, "təmiz, şəffaf su" mənasını verməklə yanaşı, həm də çay yatağında olan ağ rəngli, əsasən də əhəng mənşəli süxurlarla bağlıdır.

Bakıdan Ağsuya gedən yol Ağsu aşırımından keçir. Uzunluğu 14 km olan, dəniz səviyyəsindən 900 m-ə qədər yüksəkliyi olan bu aşırım Böyük Qafqazın cənub ətəklərindəki Ləngəbiz sıra dağlarının orta hissəsində yerləşir.

Ağsunun dağ kəndləri, xüsusən də Kalva, Suraxanı, Xatman, Dilman və Hacıman kəndləri turizm üçün əlverişli təbii-coğrafi mövqeyə malikdirlər.

Relyefi Rayonun relyefi şimalda və şimal-şərqdə Niyaldağ, Hinqar, Ləngibaz silsiləsindən ibarət olub dağlıqdır. Cənub əraziləri Şirvan düzü ilə hüdudlanaraq ovalıq ərazilərdir. Ərazinin mərkəzi hissəsindən Ağsu çay, qərbindən isə Girdimançay axır. Ağsu şəhəri hər iki sahilində, Şirvan düzünün şimal-şərq qurtaracağında,Hinqar silsiləsinin ətəyində yerləşir.Rayonun dağlıq dağ ətəyi yerlərində karbonatlı dağ-meşə, dağ boz-qəhvəyi torpaqlar yayılmışdır.Düzən hissə açıq şabalıdı, boz və çəmən-boz torpaqlardan ibarətdir.

Geoloji quruluşu Dağlıq ərazilərdə Paleogen və Neogen, düzənlik yerlərində isə Antropogen çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri Ağsu (mənbəyin hündürlüyü 2100 m), Girdiman (Mənbəyin hündürlüyü 2900).

Landşaftları və biomüxtəlifliyi Ərazi yarımsəhra, quru bozqır, kolluq və dağ meşə landşaftlarından ibarətdir. İqlimi düzənlik hissədə mülayim-isti və quru subtropikdir.Dağlıq ərazilərdə yay bir qədər sərin, qış isə nisbətən soyuq və quraq keçir. Düzənlik ərazilərdə, ərazilərdə,əsasən, yovşanlı-şorəngəli yarımsəhra bitkiləri yayılmışdır.Şahdağ Milli Parkının bir hissəsi (keçmiş Pirqulu Dövlət Təbiət qoruğu) Ağsu rayonu ərazisinə düşür.Dilman şəlaləsi (Dilman kəndi) və Ağsu aşırımı çox gözəl geoloji-landşaft xarakterli təbiət abidələrindəndir.

Flora Dendroflorası, əsasən, qafqaz vələsi(Carpinus causica), şərq fıstığı (Fagus orientalis) iberiya palıdı (Quercus iberica) və şərq palıdında (Quercus macranthera) ibarətdir.Meşələrdə, həmçinin, adi göyrüş (Fraxinus exselsior), çöl ağcaqayını (Acer campestre), çinaryarpaq ağcaqayın(Acer platanoides), qarağaclar (Ulmus carpinilfolia, U.minor.), qaraçöhrə (Taxus baccata), tozağac (betula sp.) söyüd (Salix sp.), şərq alması (Malus orientalis), Qafqaz armudu (Pyrus caucasica), çaytikanı (Hipophae rhamnoides), əzgil (Mespilus germanica), quşarmudu (Sorbus sp.), itburnu (Roza sp.), müxtəlif yemişan növləri, alça (Prunus divaricata), sumax (Rhus coriaria), sarağan (Cotinus sp.), zirinc (Berberis sp.) və s. ağac-kollar vardır.

Fauna Cücüyüyünlərdən qafqaz uzunquyruq ağdişi (Crocidura gueldentstaediti), kirpi (Erinaceus concolor), köstəbəyə (Talpa levantis) rast gəlinir.Yarasalar nalburun (Rhinolophus blasii), itiqulaq şəbpərə (Myotis blythi), dağ gönlücəsi (Eptesicus serotinus) və s.növlərlə təmsil olunmuşdur.Ərazidə gəmiricilərin meşə sülüysini (Dryomys nitedula), sülüysin (Gilis gilis), sarı boğaz siçan (Apademus flovicolis) və s.növləri yayılmışdır.Yırtıcılardan canavar (Canis lupus), çaqqal (Canis aureus), tülkü (Vulpes vulpes), meşə pişiyi (Felis silvestris), qonur ayı (Ursus arctos), gəlincik (Mustale nivalis), porsuq (Meles meles) və s. növlər təsvir edilmişdir.Sürünənlərdən qafqaz kələzi (Laudakia caucasica), Levant irigürzəsi(Macrovipera Lebetina), müxtəlif kərtənkələlər, koramal vardır.Quşlardan qafqaz şahini (Falco peregrinus caucasica), qırqavul (Phasianus colchicus), qaratoyuq (Turdus merula), bildirçin (Coturnix coturnix), kəklik Perdix perdi) və göyərçinə (columba livia) rast gəlinir.

İqtisadiyyatı Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Ərazisinin 75,2%-ni və ya 76742 hektarını kənd təsərrüfatına yararlı torpaqlar, bundan 46,3%-ni və ya 35550 hektarını əkin yeri təşkil edir. Aparılan aqrar islahatlar nəticəsində rayonda 43892 nəfər mülkiyyətçi 36184 hektar əkin yeri və çoxillik əkmələr altında olan torpaqları əvəzsiz olaraq pay kimi almışdır. Sovxoz və kolxozlarda olan 17,8 milyard AZM (3,6 mln. AZN) dəyərində əmlak özəlləşdirilərək əmlakdan pay almaq hüququ olanlara verilmişdir. Rayonun məhsul istehsalının, pərakəndə əmtəə dövriyyəsinin, göstərilən pullu xidmətlərin 98–100%-i qeyri-dövlət sektorunun payına düşür. Rayonun təsərrüfat fəaliyyətinin əsasını kənd təsərrüfatı məhsulları təşkil edir. Rayon əhalisinin böyük əksəriyyətinin, yəni 70%-dən çoxunun məşğulluğu kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır. Rayonda hazırda əsasən taxılçılıq, pambıqçılıq, meyvə, bostan-tərəvəz istehsalı və heyvandarlıq sahəsi sürətlə inkişaf etdirilir. Ağsu rayonunda əsasən taxıl, pambıq, kartof, bostan-tərəvəz, günəbaxan, nar, üzüm və digər bitkiçilik məhsulları yetişdirilir. Respublikada aqrar islahatların gedişi ilə əlaqədar rayonda mal-qaranın özəlləşdirilməsi prosesi başa çatdıqdan sonra heyvandarlığın inkişaf səviyyəsi xeyli artmışdır. Rayon əhalisinin ət məhsuluna olan tələbatı rayon daxilində yetişdirilən heyvanların hesabına ödənilir. Son dövrdə quşçuluq məhsullarının istehsalı xeyli artmışdir.